Dekabrın 2-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı yeni qərar elan edib. Aihmaz.org-un məlumatına görə, Seçkilərin Monitorinq Mərkəzi (SMM) və rəhbərlərinin iddia etdiyi pozuntular tanınıb.
İş QHT-nin qeydiyyatı məsələsini əhatə edir. SMM və onun təsisçiləri – Anar Məmmədli, Bəşir Süleymanlı qurumun dövlət qeydiyyatına alınmasının yubadılmasının, ardınca qeydiyyatın ləğv edilməsinin qanunsuzluğundan şikayət veriblər.
Təsisçilər SMM-in dövlət qeydiyyatına alınması üçün 2006-2008-ci illərdə Ədliyyə Nazirliyinə 6 dəfə müraciət edib. Nazirlik sənədlərin qanunvericiliyə uyğun tərtib edilmədiyi əsası ilə rədd cavabı verib.
2008-ci ilin fevralında Seçkilərin Monitorinq Mərkəzi dövlət qeydiyyatına alınıb, ancaq aprel ayında Ədliyyə Nazirliyi qeydiyyatın ləğvi tələbi ilə Xətai Rayon Məhkəməsində iddia qaldırıb. İddia edilib ki, rəsmi ünvanın, təsisçilər siyahısındakı dəyişikliklərin, nümayəndəliklərin açılması barədə məlumatlar təqdim olunmayıb. May ayında məhkəmə SMM-in qeydiyyatını ləğv edib, yuxarı məhkəmələr həmin qərarı qanuni sayıb.
2021-ci il dekabrın 2-də açıqlanan məlumata görə, Avropa İnsan Hüquqları Məhkəməsi SMM-in qeydiyyatının yubadılmasının və sonra ləğv edilməsinin qanunsuzluğundan şikayət edən ərizəçiləri haqlı sayıb, onların Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan hüquqlarının pozulduğu qənaətinə gəlib. Qərar Azərbaycan dövlətinin ərizəçilərə mənəvi zərər əvəzi 4500, hüquq xərclərinə görə 1500, digər məsrəflərə görə 600 avro təzminat ödəməsini nəzərdə tutur.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.
Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyasındadır.