İctimai-siyasi fəallar dekabrın 1-i paytaxt Bakının Fəvvarələr meydanında məhbus Saleh Rüstəmova azadlıq tələbli aksiya keçirməyə cəhd göstəriblər. “Turan”ın məlumatına görə, saat 15-ə təyin olunan aksiyadan əvvəl təşkilatçı fəallar İlkin Rüstəmzadə və Mete Türksoy tutulub.
Polis meydana və onun ətrafına toplaşan fəallara güc tətbiq edib, bir çox aksiyaçı, o cümlədən Demokratik Qüvvələrin Milli Şurasının, Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının üzvləri saxlanıb. Bəzi şəxslər, o cümlədən siyasətçi, Birinci Qarabağ müharibəsinin veteranı Tofiq Yaqublu döyülərək xəsarətlər alıb.
Tofiq Yaqublunun üz-gözündə ağır zədələr var. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan siyasətçi “Amerikanın səsi”nə deyib ki, Fəvvarələr meydanına daxil olan kimi tutulub: “Məni döyə-döyə Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə apardılar. Ora xüsusi qrup gəldi, məni ayrı otağa saldılar, əlimi qandalladılar, başıma torba keçirdilər. Möhkəm döydülər.
Sonra sürüyüb bir avtomobilə atdılar. Yolda yenə döydülər. Sifətimin şəklini çəkib yuxarı göndərdilər, raport verdilər. Bir körpünün altında avtomobildən saldılar, yenə döydülər. Başımda torba olduğundan hara olduğunu müəyyən edə bilmirdim.
Sonra gətirib bir çöl-biyabanda atdılar. Orada üstümə düşdülər ki, kamera qarşısında bir daha mübarizə aparmayacağını de. Təbii ki, demədim.
Sonra bir pikap avtomobil gəldi. Yenə torba başımda gətirib haradasa avtomobili saxladılar, tələblər irəli sürdülər. Axırda da gətirib Ələt qəsəbəsində avtomobildən düşürdülər”.
Aksiyadan əvvəl yayılan qətnamədə Saleh Rüstəmovun siyasi sifariş və siyasi qərəz əsasında həbs edildiyi vurğulanır, onun aclıq aksiyası keçirdiyi, səhhətinin çox pisləşdiyi qeyd olunur, azadlığa buraxılması istənir.
1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş məhbus Saleh Rüstəmov noyabrın 6-dan aclıq aksiyası keçirir. Noyabrın 8-də o, Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Saleh Rüstəmov həbsdə qanunsuz saxlandığını bildirir, azadlığa buraxılmasını istəyir.
1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.
2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.
AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.
2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.
2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.
Saleh Rüstəmov Birinci Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad edilməsi əməliyyatının rəhbərlərindən olub.