Dekabrın 1-də sərəncam imzalayan dövlət başçısı İlham Əliyev Emin Zamin oğlu Hüseynovu Qarabağ iqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərində (Şuşa rayonu istisna olmaqla) prezidentin xüsusi nümayəndəsi təyin edib.
Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir.
Emin Hüseynov 2021-ci il mayın 24-dən Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində (Ağdam şəhəri daxil olmaqla) prezidentin xüsusi nümayəndəsi idi.
1974-cü il təvəllüdlü Emin Hüseynov iqtisad üzrə fəlsəfə doktorudur. Maliyyə nazirinin müavini, birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi postlarını tutub.
İşğaldan azad olunmuş ərazilərdə prezidentin xüsusi nümayəndəlikləri dövlət başçısının 19 yanvar 2021-ci il fərmanı ilə yaradılıb.
İlk nümayəndə yanvarın 27-də Şuşa rayonuna təyin edilib: Aydın Zöhrab oğlu Kərimov.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib. 2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya hərbçilərinin nəzarətindədir.
Xankəndi şəhəri, Şuşa rayonunun 1 qəsəbəsi, 36 kəndi, Xocavənd şəhəri, rayonun 1 qəsəbəsi, 45 kəndi, Xocalı şəhəri, rayonun 1 qəsəbəsi, 44 kəndi, Ağdərə şəhəri və keçmiş Ağdərə rayonunun 35 kəndi işğal zonasında qalır.
Azərbaycanın işğala məruz qalmış başqa bölgələri də var: Sədərək rayonunun Kərki kəndi 1990-cı ildən, Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ildən, Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri 1992-ci ildən ermənilərin əlindədir.