Noyabrın 30-u saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi vertolyotu Xızı rayonundakı Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. İlk rəsmi xəbəri saat 12:11-də Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti yayıb.
Saat 16:12-də Dövlət Sərhəd Xidməti həlak olan 14 nəfərin adlarını açıqlayıb: polkovnik Fizuli Cavadov, polkovnik-leytenant Emil Nəzirov, mayorlar Elmir Həsənov, Elbrus Əhmədov, Emil Mayılov, Murad Məmmədov, Emil Əliyev, tibb xidməti kapitanı Ceyhun Əhmədxanov, kapitanlar Cavid Bayramlı, Xəyyam Əliyev, Teymur Qaraisayev, baş leytenant Fərid Nağıyev, leytenant Abdulla Süleymanov, işçi Elçin Nəbiyev.
Polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıblar.
Rəsmi məlumata görə, prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev vertolyot qəzasında həlak olanların ailələrinə başsağlığı verib, onların və doğmalarının kədərini bölüşdüyünü bəyan edib.
Baş Prokurorluğun İstintaq İdarəsi cinayət işi başlayıb. Hadisə uçuş və uçuşa hazırlıq qaydalarını pozma motivi üzrə araşdırılır.