Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Ali Məclisinin 28 noyabr sessiyasının qətnaməsi yayılıb. Novator.az-ın məlumatına görə, qətnamədə Qarabağ probleminə də toxunulur: “İşğalçı rus ordusunun “sülhməramlı” adı altında Qarabağa gətirilməsi Azərbaycanın dövlət müstəqilliyi haqqinda konstitusiya aktının, ölkə konstitusiyasının tələblərinə, xalqın iradəsinə ziddir və dövlət suverenliyinə qəsd kimi dəyərləndirilməlidir.
Son bir ildə müşahidə edilən faktlar ondan ibarətdir ki, Qarabağdakı rus hərbi kontingenti sülhməramlı missiyasına aid olmayan fəaliyyətlərlə – ermənilərin Qarabağa daşınıb məskunlaşdırılması, erməni hərbi birləşmələrinə və erməni gənclərə döyüş təlimlərinin keçirilməsi, təxribatların stimullaşdırılması, Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları əleyhinə digər fəaliyyətlərlə məşğuldur. Bu faktların məntiqi təhlili o qənaətə gəlməyə əsas verir ki, rus ordu birləşmələri Azərbaycan ərazisində qaldığı müddətdə Qarabağda ziddiyyətlərin daha da dərinləşməsi ilə Rusiyanın Azərbaycandakı varlığını əbədiləşdirməyə çalışır.
Azərbaycanın dövlət başçısının bu reallıqları daha yaxşı bildiyi halda Soçi görüşündə rus “sülhməramlıları”nın fəaliyyətini yüksək dəyərləndirməsi, ölkənin suverenliyi və ərazi bütövlüyünün təminatı istiqamətində prinsipial mövqe ifadə etməməsi şiddətlə pislənməlidir.
10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatda nəzərdə tutulan məsələlər – erməni silahlı qüvvələrinin Azərbaycandan çıxarılması, məcburi köçkünlərin ərazilərinə qaytarılması, Azərbaycanın qərbindən Naxçıvana nəqliyyat dəhlizi məsələləri hələ də öz həllini tapmayıb”.
Azərbaycan-Ermənistan sərhədlərinə Rusiya qoşunlarının yeridilməsini yolverilməz sayan ADR Partiyası Azərbaycan hakimiyyətindən rus ordusunun ölkədən çıxarılmasını, ölkə ərazisinə Laçından giriş-çıxışı sərhəd və gömrük postları qurmaqla nəzarətə götürməyi tələb edir.
ADR Partiyası 2021-ci il oktyabrın 17-də təsis olunub. 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılan partiyaya Qubad İbadoğlu sədrlik edir.
Noyabrın 11-də partiyanın sənədləri dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə təqdim olunub.
Siyasi partiyanın qeydiyyatı üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır. Hazırda ölkədə 58 siyasi partiyanın dövlət qeydiyyatı var.
Qubad İbadoğlu 1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində doğulub. Azərbaycan Dövlət İqtisad Universitetini və həmin təhsil ocağının aspiranturasını bitirib. İqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində və dünyanın bir çox ölkəsinin ali məktəbində dərs deyib, hazırda London İqtisadiyyat Məktəbinin professorudur.
Uzun illər Müsavat Partiyasının rəhbərliyində təmsil olunub.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Yuxarı Qarabağ bölgəsini (Xankəndi şəhərini, Şuşa, Xocalı rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu qismən) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən) ələ keçirib.
Başqa bölgələr – Sədərək rayonunun Kərki kəndi, Qazax rayonunun Bağanıs Ayrım, Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri də işğala məruz qalıb.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbi kontingenti yeridilib, Ağdam rayonunda atəşkəsə nəzarət edən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi qurulub.
2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin imzaladığı atəşkəs bəyanatı bölgədəki bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını da nəzərdə tutub. Sənədə görə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi yaradılmalıdır.
2021-ci il yanvarın 11-də Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin Moskvada imzaladığı birgə bəyanatla regionda bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını reallaşdırmaq məqsədilə üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb.
2021-ci il noyabrın 26-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin Soçidə imzaladığı birgə bəyanata əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədinin dəqiqləşdirilməsi üzrə ikitərəfli komissiya yaradılması şərti kəsilib.