Noyabrın 29-u Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin mühakiməsi başlayıb. Novator.az-ın məlumatına görə, proses vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı üzrə aparılır. Mixail Saakaşvili 2007-ci il noyabrın 7-də xüsusi təyinatlı qüvvələrin müxalifətin mitinqində zorakılıq, “İmedi” telekanalının ofisində dağıntılar törətməsi, biznesmen və siyasətçi Badri Patarkatsişvilinin (2008-ci ildə vəfat edib) əmlakının ələ keçirilməsində təqsirli bilinir.
1967-ci il təvəllüdlü Mixail Saakaşvili Gürcüstan parlamentinin deputatı, ədliyyə naziri olub.
2002-ci ildən Tbilisi meri postunu tutub.
2003-cü ildə hakimiyyətə qarşı xalq hərəkatına başçılıq edən Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti vəzifəsində çalışıb.
Hazırda ana müxalifət sayılan Vahid Milli Hərəkat Partiyasının qurucusu olan Mixail Saakaşvili 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda ona bir neçə cinayət işi qaldırılıb, haqqında iki həbs hökmü var.
2018-ci il yanvarın 5-də Tbilisi Şəhər Məhkəməsi Mixail Saakaşviliyə qiyabi hökm çıxarıb. Sabiq prezident bankir Sandro Qirqvlianinin işi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib, 3 il azadlıqdan məhrumetmə cəzası alıb.
Sandro Qirqvliani 2006-cı ildə öldürülüb. 2008-ci ildə prezident postunu tutan Mixail Saakaşvili bu ölüm işinə görə tutulmuş 4 polis zabitini əfv edib və onlar azadlığa çıxıblar.
2018-ci il iyunun 28-də Mixail Saakaşvili 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmü iyunun 28-də Tbilisi Şəhər Məhkəməsi çıxarıb. Mixail Saakaşvili 2005-ci ildə parlamentin deputatı Valeri Gelaşviliyə edilmiş hücumun təşkilində təqsirli bilinib.
2005-ci ildə Mixail Saakaşvili dövlət başçısı postunu tutarkən Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə Valeri Gelaşvilini döyüblər. Deputat ağır xəsarətlərlə xəstəxanaya düşüb. Valeri Gelaşvili hücumu Mixail Saakaşvilinin sifarişi saydığını bəyan edib. 2013-cü ildə Mixail Saakaşvili prezident postundan gedəndən sonra bu hadisə üzrə istintaq yenilənib.
2021-ci ilədək sabiq prezidentin üstündə Dövlət Mühafizəsi Xidmətinin külli miqdarda vəsaitinin israf olunması ittihamı da olub. Bu iş də Tbilisi Şəhər Məhkəməsinin icraatındadır.
2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il Odessa vilayətinin qubernatoru təyin olunub.
2015-ci il dekabrın 4-də Mixail Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Buna əsas kimi başqa ölkənin vətəndaşlığı göstərilib.
2016-cı ilin noyabrında Mixail Saakaşvili Odessa qubernatoru vəzifəsindən istefa verərək müxalifətə keçib.
2017-ci il iyulun 25-də Ukrayna prezidenti Pyotr Poroşenko onu vətəndaşlıqdan çıxarıb. Buna Mixail Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib.
Həmin il Mixail Saakaşviliyə Ukraynada cinayət işləri qaldırılıb, ancaq onu həbs etmək mümkün olmayıb. 2018-ci il fevralın 12-də Mixail Saakaşvili ölkədən deportasiya edilib.
2019-cu ildə Vladimir Zelenski Ukrayna prezidenti seçiləndən sonra Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığı bərpa olunub, 2020-ci ildə o, Ukrayna Milli İslahat Şurasının İcra Komitəsinin başçısı təyin edilib.
Bu il sentyabrın 29-da Gürcüstana dönən sabiq prezident oktyabrın 1-i paytaxt Tbilisidə tutulub, Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib. Həmin gündən aclıq aksiyası keçirdiyi üçün onun səhhəti ağırlaşıb. Noyabrın 8-də siyasətçi Xüsusi Penitensiar Xidmətin paytaxt Tbilisidəki müalicə müəssisələrindən birinə köçürülüb. Noyabrın 20-də Müdafiə Nazirliyinin Qori şəhərindəki hərbi hospitalına aparılan sabiq prezident həmin gün aclığı dayandırıb.
Oktyabrın 20-də Gürcüstan Prokurorluğu Mixail Saakaşviliyə yeni ittiham irəli sürüb. Sabiq prezident dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilinir. Onun sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstanın liman şəhəri Potiyə gəmi ilə gəldiyi, həmin gün əvvəl Batumi şəhərinə, ardınca Tbilisiyə getdiyi açıqlanıb.