Böyük Britaniyanın “Daily Mail” nəşrində “Ordu “yeni soyuq müharibə”yə səfərbər olunur: Rusiya Avropanın sərhədlərinə təhlükə yaratdığı üçün Britaniya qoşunları Almaniyaya qayıdır” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi “Daily Mail” nəşrinin müdafiə məsələləri üzrə redaktoru Mark Nikoldur. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.
Böyük Britaniya qoşunlarına tankları və digər döyüş texnikası ilə birlikdə Almaniyaya qayıtmaq əmri verilib. Səbəb Rusiyanın Baltikyanı dövlətlərə təhlükə yaratmasıdır.
Britaniya on minlərlə hərbçisini Almaniyadan 30 il qabaq – sovet dövründəki “soyuq müharibə” başa çatanda çıxarmışdı. İndi 30 ildən sonra qoşunları yenidən Almaniyaya qaytarmaq qərara alınıb.
Rusiya qoşunlarının Avropanın şərq sərhədlərinə cəmləndiyi bir vaxtda Britaniya və onun NATO-dakı müttəfiqləri regionda mövqeyini bərkidir.
Britaniya qoşunlarının Almaniyada mövcudluğu Rusiya prezidenti Vladimir Putinin Latviya, Litva və Estoniyaya ehtimal edilən hərbi müdaxiləsinə operativ reaksiya verməyə imkan yaradacaq.
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bugünlərdə parlamentdə bildirib ki, ölkənin silahlı qüvvələri rəqiblərin əl-ayağını yığmağa hazır vəziyyətdədir: “Əgər biz Tidvortda (Britaniya ərazisində hərbi qarnizon yerləşən şəhər) oturub qalsaq, daima hərbi təlim keçirən, döyüş taktikasını dəyişən və beləliklə, hamını gümanlara salan Rusiya kimi rəqibin əl-qol açmasına imkan yaratmış olarıq. NATO ölkələri Rusiyanın fəallığından narahatdır”.
Britaniya hərbçiləri, hərbi texnikası, eləcə də silahların saxlanması və təmiri ilə məşğul olan mülki podratçılar gələn il Almaniyanın mərkəzindəki Zennelager poliqonunda yerləşdiriləcək. Bura İkinci Dünya müharibəsindən sonra Britaniya ordusunun istifadə etdiyi mühüm təlim meydanıdır.
Hərbi komandanlıq ümid edir ki, Almaniyada NATO-nun ön xətt bazasının yaradılması Kremli yeni ərazilər ələ keçirmək niyyətindən çəkindirə biləcək.
Analoji bazalar Keniya və Omanda da yaradılacaq. Bu isə Britaniya ordusuna Afrika və Yaxın Şərqdə əməliyyat dairəsini genişləndirmək imkanı verəcək.
Zennelagerdə irimiqyaslı manevrlər üçün nəzərdə tutulmuş 120 kvadrat kilometrlik hərbi poliqon, eləcə də şəhəriçi döyüş hazırlığı keçmək üçün təlim mərkəzi var. Bu hərbi infrastruktur daha da genişləndiriləcək.
Zennelager Baltikyanı dövlətlərdən ən azı 1300 kilometr aralıda yerləşir. Buna görə Britaniyanın keçmiş müdafiə naziri Tobias Ellvud Britaniya qoşunları üçün Avropada Baltikyanı dövlətlərə daha yaxın yer seçilməsinə tərəfdardır: “NATO qoşunları Əfqanıstandan çıxandan sonra Rusiyanın Avropanın təhlükəsizliyinə yenidən təhdid yaratdığı nəzərə alınmalıdır. NATO qoşunlarının yenidən dislokasiya olunması zəruridir. Ancaq sovet dövründəki “soyuq müharibə”dən sonra cəbhə xətti dəyişib. Ona görə NATO-nun ön xətt bazasını Avropanın şərqində deyil, Almaniyanın mərkəzində yerləşdirməsi qəribə görünür. Bazanı Polşada, yaxud Baltikyanı dövlətlərin birində yerləşdirmək daha yaxşı olardı. Onda alyans öz müttəfiqlərini qorumaq əzmində olduğu barədə Rusiyaya daha inandırıcı siqnal ötürərdi”.
Britaniya qoşunlarının Almaniyaya qayıdışı “Gələcək əsgər” adlandırılan, Britaniyanın quru qoşunlarının tarixində ən böyük islahat kimi nəzərdə tutulan planın bir hissəsidir.
Kibermüharibə kimi müasir çağırışlara cavab vermək üçün Böyük Britaniyanın quru qoşunları yenidən qurulur. İslahat planına əsasən, ölkənin kiçik hərbi bazaları bağlanacaq, tarixi alaylarda ixtisarlar aparılacaq, bəzi hissələr isə tamamilə ləğv olunacaq.
Bugünlərdə Maddi-Texniki Təminat Qoşunlarının 3-cü alayından 500 hərbçinin tərxis olunduğu açıqlanıb. 3-cü tibb alayının da ləğv olunacağı gözlənir.
Hərbi qulluqçular ya yeni xidmət sahələrinə göndəriləcək, ya da onlara könüllü istefa təklif olunacaq. Quru qoşunlarında 3 min daimi ştatın ixtisar ediləcəyi bildirilir.
İxtisarlar başa çatandan sonra, 2025-ci ildə Britaniyanın quru qoşunlarında xidmət edən hərbçilərin sayı 73 min nəfər təşkil edəcək. Son 300 ildə heç vaxt Britaniyanın quru qoşunları bu qədər yığcam olmayıb.
Mənbə: Dailymail.co.uk