Dünyada omikron həyəcanı yaşanır. Omikron – koronavirus infeksiyasının elmi ədəbiyyatda B.1.1.529 kimi qeydə alınan yeni variantına Dünya Səhiyyə Təşkilatının verdiyi addır.
Dünya Səhiyyə Təşkilatı koronavirus variantlarını yunan əlifbasındakı hərflərin adlarına uyğun adlandırır.
Omikron – yunan əlifbasının 15-ci hərfinin adıdır.
Koronavirusun B.1.1.529, yaxud omikron variantı ilk dəfə 2021-ci ilin noyabrında Cənubi Afrikada aşkarlanıb.
2020-ci ilin may ayında Cənubi Afrikada daha bir variant tapılmışdı. Dünya Səhiyyə Təşkilatı həmin varianta beta adını verib.
Bundan başqa virusun alfa (ilk dəfə 2020-ci ilin sentyabrında Böyük Britaniyada aşkarlanıb), kappa (ilk dəfə 2020-ci ilin oktyabrında Hindistanda aşkarlanıb), delta (ilk dəfə 2020-ci ilin oktyabrında Hindistanda aşkarlanıb), qamma (ilk dəfə 2020-ci ilin noyabrında Braziliyada aşkarlanıb), lambda (ilk dəfə 2020-ci ilin dekabrında Peruda aşkarlanıb), eta (2020-ci ilin dekabrında eyni vaxtda bir neçə ölkədə aşkarlanıb), yota (2021-ci ilin noyabrında ABŞ-da aşkarlanıb) variantları var.
Novator.az xəbər verir ki, bu siyahı COVİD-19 infeksiyasının bütün mutasiyalarını əhatə etmir. Virusun o qədər də narahatlıq doğurmayan, gələcək monitorinqlərə ehtiyacı duyulan, elmi ədəbiyyatda, məsələn, B.1.427, B.1.466.2, B.1.1.318, B.1.619, C.1.2 kimi ifadə olunan bu və digər növləri də var.
Dünya Səhiyyə Təşkilatının təsnifatında alfa, beta, qamma və delta variantları narahatlıq doğuran variantlar kimi qeyd olunub.
Eta, yota, kappa, lambda variantları maraq doğuran variantlar kimi təsnif edilib.
Koronavirus mutasiyaları arasında Dünya Səhiyyə Təşkilatını ən çox narahat edən deltadır. Hazırda koronavirusa yoluxanların 99 faizini xəstələndirən məhz delta variantıdır.
Omikron Cənubi Afrikadan savayı Botsvana, Kanada, Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, İtaliya, Niderland, Portuqaliya, Avstraliya, Honkonq və İsraildə də qeydə alınıb.
Omikrona yoluxanların sayı hələ ki, azdır. Amma Dünya Səhiyyə Təşkilatının ekspertləri bu variantın yoluxuculuq gücünün digər variantları üstələyə biləcəyindən narahatdırlar. Ona görə omikron aşkarlanan, həmçinin özünü təcili omikrondan sığortalamaq qərarına gələn ölkələrdə məhdudiyyətlər sərtləşdirilir.
Omikron hələlik tam tədqiq olunmadığına görə alimlərin bu varianta münasibətdə fikirləri haçalanır. Bəziləri onu elə də təhlükəli variant saymır və ciddi narahatlığa əsas olmadığını düşünür.
Koronavius infeksiyası ilk dəfə 2019-cu ilin dekabrında Çində üzə çıxıb. Qısa müddətdə bu infeksiya dünyanı bürüyərək pandemiyaya çevrilib. Rəsmi statistikaya görə, indiyədək 261 milyon 878 minə yaxın adam COVİD-19 virusuna yoluxub. 236 milyon 540 mindən çox adam sağalıb, 5 milyon 219 mindən çox adam ölüb. 20 milyon 117 mindən çox adam aktiv koronavirus xəstəsidir.
Mənbə: Washingtonpost.com