Eldar Həsənovun işi: bir iclasın özü və əks-sədası
- 28 Noyabr 2021
- comments
- Novator.az
- Posted in AktualManşetXəbər
Bakı Ağır Cinayətlər Məhkəməsi dövlət xadimi Eldar Həsənovun mühakiməsini davam etdirir.
Noyabrın 22-də keçirilən iclasda vəkillər Eldar Həsənovu tibb elmləri doktoru, professor Adil Qeybullanın müayinə etməsinə şərait yaradılması üçün vəsatət qaldırmışdılar.
26 noyabr iclasında Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər heyəti vəsatətin təmin olunmadığını açıqlayıb.
Meydan.tv-nin məlumatına görə, hakim Əfqan Hacıyev imtinanı belə izah edib: “Adil Qeybulla televizorda hər dəfə bir xəstəlikdən danışır. Gah koronavirusdan danışır, gah başqa şeydən. Adil Qeybulla hərşeyşünasdır. Ehtiyac yoxdur ona, təcridxanada kifayət qədər ixtisaslı həkimlər var”.
Vəkillər məhkəmənin bu cür əsaslandırmasına etiraz ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Həsənovun hüquqlarını dörd vəkil müdafiə edir: Cavad Cavadov, Adəm Məmmədov, Cəlil Mirzəyev və Valeh Mehralıyev.
Məhkəmənin 26 noyabr iclasında vaxtilə Dövlət Əmlak Komitəsində sektor müdiri işləmiş İsmayıl Həsənli şahid qismində dindirilib. Onun məhkəmədə dedikləri ilə istintaqa ifadəsi arasında ziddiyyət üzə çıxıb. Şahid bildirib ki, istintaqa ifadəsini müstəntiq yazıb, o isə düzgün yazıldığına inanaraq həmin ifadəyə imza atıb. İsmayıl Həsənli məhkəmənin diqqətinə çatdırıb ki, istintaqa ifadəsində yazılanlar doğru deyil.
Sonra hakim Əfqan Hacıyev elan edib ki, şahidlərdən biri – Seyran Mirzəzadə Monteneqroda olduğu üçün məhkəməyə gələ bilmir və o, məhkəməyə göndərdiyi məktubunda istintaqa ifadəsini təsdiqlədiyini yazıb. Şahid məktubunda onu da qeyd edib ki, istənilən vaxt vodeokonfrans vasitəsilə məhkəmə prosesinə qoşula bilər.
Vəkil Cavad Cavadov şahidin videokonfrans vasitəsilə dindirilməsini istəyib. Amma məhkəmə müdafiə tərəfinin bu vəsatətini də təmin etməyib. Hakim deyib ki, şahid Seyran Mirzəzadənin videokonfransla məhkəməyə qoşulması mümkün deyil.
Eldar Həsənov buna etiraz edərək bildirib: “Guya hansı vəsatəti təmin etdiniz ki, bu qaldı? Bizim heç bir vəsatətimiz təmin olunmur. Məqsədiniz nədir, bilmirəm. Zalda gələcəkdə hakim olmaq istəyən namizədlər var, heç olmasa onların sizdən ədalət öyrənmək üçün bura gəldiyini düşünün. Onlar sizdən nə öyrənəcəklər?”
Məhkəmə Seyran Mirzəzadənin istintaqa ifadəsini elan edəndən sonra Eldar Həsənov bildirib ki, bütün ifadələrdən göründüyü kimi səfir işlədiyi ölkələrdə binaların alınmasında onun heç bir iştirakı olmayıb: “Müstəntiq şahidlərdən heç bir detal soruşmadan yalnız ittiham irəli sürüb. Ayrılan vəsaitlərlə bağlı Xarici İşlər Nazirliyinə həm aylıq hesabat verilib, həm də inzibati binalarla bağlı ayrıca hesabat göndərilib”.
Eldar Həsənov suallarına cavab istəyib: “Humanitar layihələrlə bağlı tenderləri birbaşa Xarici İşlər Nazirliyi keçirib, amma ittiham mənə verilib. Mən tender keçirmişəm? Bunlara ittiham tərəfi nə cavab verəcək? Necə dayanacaq bu ittihamların arxasında? İnzibati binanın alınması ilə bağlı hesabat niyə cinayət işində yoxdur? Niyə tender hesabatları cinayət işinə əlavə olunmayıb? Həmin hesabatların hamısı Xarici İşlər Nazirliyindən alınıb, Baş Prokurorluqda “ölüxana” adlandırdığımız kabinetdə saxlanır. Niyə? O sənədlər o otaq üçün hazırlanıb, ya mənə ittiham verilməsi üçün? Mənim nə inzibati binanın alğı-satqısı, nə də humanitar layihə ilə bağlılığım olub”.
Eldar Həsənov vurğulayıb ki, Seyran Mirzəzadə məsuliyyətli, vicdanlı əməkdaşdır, sənədləşməni düzgün aparıb: “Xarici İşlər Nazirliyinə bütün sənədlər göndərilib. Müstəntiqin naşılığına baxın, 8 ay istintaq aparıb, hələ də ona bəlli deyil ki, tender ya Xarici İşlər Nazirliyində keçirilir, ya da ianə aparılan ölkənin bələdiyyəsində, meriyasında. İstintaq ona görə araşdırmayıb ki, verilmiş tapşırıq var: ziyan kimi qiymətləndirib mənə ittiham irəli sürülməlidir, vəssalam. Əgər bir manat yanlış olsaydı, Xarici İşlər Nazirliyinin Maliyyə İdarəsindən sorğu gələrdi”.
Dindirmə zamanı bir məsələyə də diqqət çəkilib ki, Eldar Həsənovun səfir olduğu ölkələrin ikisində üç parkda Azərbaycanın dövlət bayrağı dalğalanır. Bu barədə danışan Eldar Həsənov bildirib ki, xarici ölkənin bayrağının səfirlik binasından başqa yerdə dalğalanması çox mürəkkəb prosesdir. O deyib ki, çətinliklə də olsa, üç şəhərdə buna nail olub.
Eldar Həsənov qeyd edib ki, hər humanitar layihədə Azərbaycan bayrağı yoxdur. Xaricdə həyata keçirilən belə layihələr arasında cəmi üç ünvanda Azərbaycan bayrağı var: Rumıniyanın paytaxtı Buxarestdə, Serbiyanın paytaxtı Belqradda və Serbiyanın ikinci ən böyük şəhəri olan Novı Sadda salınmış parklarda.
Eldar Həsənov bildirib ki, Avropada bayrağın asılması məsələsi qanunla tənzimlənir: “Xarici ölkələrə yalnız diplomatik missiyalarında bayraqlarını asmağa icazə verilir. Rumıniyada, Serbiyada və Bosniyada fərqli bir hal da var. Bu ölkələr qanunvericiliyinə dəyişiklik ediblər bununla bağlı. Dəyişikliyə əsasən, istisna hallarda, dövlət maraqları baxımından mühüm əhəmiyyət kəsb edərsə komissiya xarici ölkə bayrağının səfirlikdən başqa ünvanda da asılmasına icazə verə bilər. Buna icazə alınması isə müxtəlif, böyük mərhələlərdən, böyük komissiyalardan keçir. Azərbaycanın əleyhinə olanlar var – ermənilər və sair. Qürur duyuram ki, üç mühüm strateji yerdə Azərbaycan bayrağının asılmasına dair meriya və hökumətin qərarını almışam”.
Buxarestdəki və Belqaraddakı parklarda mərhum prezident Heydər Əliyevin, Novı Saddakı parkda isə bəstəkar Üzeyir Hacıbəylinin heykəli ucaldılıb. Həmin parklarda Azərbaycanın dövlət bayraqları da asılıb.
26 noyabr iclasında Eldar Həsənovun vəkilləri məhkəmənin diqqətinə çatdırıblar ki, noyabrın 19-da Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Həsənovla bağlı qərar qəbul edib. Qərarda Avropa Məhkəməsi Azərbaycan hökumətindən Eldar Həsənova adekvat, yüksək ixtisaslı, o cümlədən stasionar qaydada tibbi yardım göstərilməsi üçün bütün zəruri tədbirlərin həyata keçirilməsini, Eldar Həsənov həbsdə qaldığı təqdirdə ona göstərilən tibbi yardım və onun sağlamlıq durumu haqda mütəmadi olaraq Avropa Məhkəməsinin məlumatlandırılmasını tələb edib.
Hakim Əfqan Hacıyev bildirib ki, Avropa Məhkəməsinin qərarları Azərbaycan məhkəmələri üçün məcburi deyil: “O qərarın bizə aidiyyəti yoxdur. Bizim üçün məcburi deyil”.
Novator.az-ın məlumatına görə, Eldar Həsənovun qızı Səbinə Hüseynova noyabrın 28-də “Facebook” şəbəkəsində atasının mühakimə prosesindən bəhs edərək yazıb: “Noyabrın 26-da atamın növbəti məhkəməsi keçirildi. Yenə də vəkillərin qaldırdığı vəsatətlər rədd olundu. Biz əslində hakimin atamla bağlı bütün vəsatətləri birmənalı rədd etməsinə vərdiş etmişik. Amma budəfəki sözün əsl mənasında absurd idi. Həkim Adil Qeybullanın Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında atamı müayinə etməsi ilə bağlı vəsatətin rədd olunması, üstəlik, həkimin “hərşeyşünas” adlandırılması, atamın səhhətinin ağırlığının nəzərə alınmaması məni həqiqətən çox üzdü.
Biz atamın həbsinin arxasında hansısa siyasi sifarişin olmasının fərqindəyik. Bunu həftədə iki dəfə keçirilən məhkəmə prosesləri açıq-aydın göstərir. Hər dəfə dindirilən şahidlər istintaqa verdikləri ifadənin müstəntiq tərəfindən saxtalaşdırıldığını bəyan edirlər. Atamın ittiham olunduğu maddələr üzrə günahsız olduğu ortadadır. Amma kimlərinsə sifarişi ilə məhkəmə şousu, ya da məzhəkə deyək, inadla davam etdirilir. Məqsəd nədir? Atamı öldürmək istəyirsiniz?!
Özü məhkəmədə bildirib ki, hər gün 31 dərman qəbul edir. O dərmanların qəbulu davam etdirilməlidirmi, ya dayandırılmalı, yeniləri ilə əvəzlənməlidirmi, buna həkim məsləhəti lazım deyilmi? Biz Adil Qeybullanın bu məqsədlə atamı müayinə etməsini istəyirdik. İnandığımız bir həkimin doğru yöntəmləri çox vacibdir. Çünki indiyədək atamı müayinə edən həkimlərin atamla bir cür, rəhbərliklə başqa cür danışmasının şahidi olmuşuq və artıq onların obyektivliyinə əsaslı şübhələrimiz var. Amma… Dediyim kimi, acı reallıq ortadadır.
Biz birmənalı şəkildə yenə o fikirdəyik ki, atam haqqında Prezident İlham Əliyevdə olduqca yanlış təsəvvür yaradılıb, saxta, həqiqətə uyğun olmayan məlumatlar verilib. İnformasiya texnologiyaları dövründə istənilən şəxs haqqında istənilən sənəd, söhbət, hətta səs yazısı belə quraşdırmaq mümkündür. Biz kimlərinsə atama şər-böhtan atdığına əminik. Ancaq eyni zamanda Prezidentimizdən, Müzəffər Ali Baş Komandanımızdan gözləntilərimiz var! İstintaqdan, müstəntiqdən, məhkəmədən, hakimlərdən, prokurorlardan yox, məhz Prezidentdən!
Atam 15 aydır ki, təcridxanadadır, 1 ildən artıqdır ki, səhhətində yaranan çox ciddi problemlərə sadəcə dözməklə, tab gətirməklə məşğuldur. Ölkə rəhbərliyinə yalan məlumat verənlər onun səhhətinin necə ağır olduğunu, 7 dəfə ağır əməliyyat keçirdiyini, hətta məhkəmədə dəfələrlə huşunu itirib yıxıldığını, süni tənəffüs aparatına qoşulduğunu, dəfələrlə məhkəmə proseslərindən təcili yardım maşınında, huşsuz, anlaqsız vəziyyətdə aparıldığını deməyiblər! Niyə həqiqəti gizlədirlər? Çünki işlərinə yaramır, planlarına uyğun deyil. Onlar həvəslə gözləyirdilər ki, Eldar Həsənov həbs edilən kimi Prezidentinə və Dövlətinə asi çıxacaq, lazımsız məsələlərin üstünü açacaq. Amma o, susdu. Nə Dövlətinə, nə də Prezidentinə qarşı çıxdı…
Bu, ölkədə hüquq sistemində çalışdığı illərdə də belə olub, 20 il 4 ölkədə Azərbaycanı təmsil edərkən də belə idi. Dəyişən heç nə yoxdur. O, dəyişsəydi daha gənc, daha sağlam, daha perspektivli vaxtlarında dəyişərdi. Pensiya yaşının çatmasını gözləyən, sağlamlıq problemləri ilə uğraşan, daim çantasında dərmanlar gəzdirən və həkim nəzarətində yaşayan xəstə, yorğun bir insanın xəyanət etməsi, hansısa iddialarda olması hansı xəstə təxəyyülün məhsuludur? Kimin, kimlərin planıdırsa, dediyim kimi, açıq-aşkar düşmənçilikdir, qisasçılıqdır, atamın fiziki qəsdinə yönəldilib. Sizcə, atamın səhvi, xəyanəti olsaydı, ölkəyə çağrılanda dərhal işlərini atıb Bakıya gələrdimi? Məgər xaricdə qala, səfir səlahiyyətlərindən sui-istifadə edə bilməzdi? Ancaq atam ürəklə, alnıaçıq, üzüağ şəkildə ölkəmizə döndü, ədalət mühakiməsinin qarşısında bütün məsələlərə cavab verməyə, aydınlıq gətirməyə hazır olduğunu bəyan etdi.
Mənə çox maraqlıdır ki, Prezidentə, Dövlətimizə məhz sədaqətli olan, yolunda canını verməyə hazır olan şəxslərin heç bir günahı olmadan həbsxanaya salınmasının, məhv edilməsinin hədəfi nədir? Niyə həbsxanada köməksiz vəziyyətdə olan insanların müraciətlərinə, məktublarına baxılmır? İndiyə qədərki münasibətlərin, atamın indiyə qədərki xidmətlərinin heç dəyəri yoxdurmu ki, günahsız olduğunu, xəstə olduğunu təkrar-təkrar dilə gətirən bir insana ədalət sərgilənsin?
Səfir işlədiyi ölkələrdə Azərbaycan bayrağı dalğalanır! Təsəvvür edirsiniz, o Avropa ölkələrində ki, öz bayraqlarına son dərəcə həssasdırlar. Məhz o ölkələrdə atam Azərbaycan bayrağının Heydər Əliyevin, Üzeyir Hacıbəylinin abidəsi qoyulmuş parklarda dalğalanmasına nail olub. Amma bu insana öz ölkəsində, öz vətənində nəinki ədalətli istintaq və məhkəməni, hətta həkim müayinəsini də rəva görmürlər! Bu, çox böyük sarsıntı, stress, əsəbdir.
Biz artıq məhkəmənin sona çatmasını, sifarişli məhkəmə hökmünün oxunmasını gözləyirik. Şou bitəcək. Amma mən əminəm ki, haqq-ədalət bir gün üzə çıxacaq, Eldar Həsənovun günahsızlığı sübut olunacaq və atam bəraət alacaq. Bunun üçün nə mümkündürsə, edəcəyik…
Amma bu, dövlətçilik tariximizdə bir qara ləkə kimi qalacaq. Səfir elçidir, dövlətin simasıdır. Heç feodal təfəkkürlü orta əsrlərdə elçiyə toxunulmayıb. Amma XXI əsrdə Azərbaycanın imicini yerlə-yeksan etməyi bacardılar. Utancvericidir! Təəssüf, min dəfə təəssüf…”
Professor Adil Qeybulla da məhkəmənin onunla bağlı vəsatəti təmin etməməsi məsələsinə münasibətini noyabrın 28-də “Facebook” şəbəkəsində açıqlayıb. O yazıb: “Noyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq baş prokuror Eldar Həsənova qurulan məhkəmənin hakimi Əfqan Hacıyev mənim müayinəmlə bağlı qaldırılan vəsatəti təmin etməyib və ünvanıma, yumşaq desək, artıq-əskik danışıb.
Əvvəla qeyd edim ki, Əfqan Hacıyevin mənim bilik və bacarığımı dəyərləndirməyə hüququ yoxdur, buna mənəvi haqqı isə qətiyyən çatmır. Bizim aramızda daban-dabana zidd olan, prinsipal fərq var: onun həyatı insanların bədbəxtliyi və faciələri üzərində qurulan sərvət toplamaq işinə, mənimki isə fədakarlıq və haqq-ədalət uğrunda savaşa həsr olunub.
Bir daha bəyan edirəm: mənsubiyyətindən asılı olmayaraq istənilən şəxsin tibbi yardımla bağlı mənə ehtiyacı yaranarsa, hər an buna hazıram. Bu mənim peşə əqidəmdir”.
Eldar Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulub. Bakıda indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.
1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il avqustun 13-ü Bakıda tutulan, avqustun 17-də səfir postundan çıxarılan Eldar Həsənova Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürülüb. Eldar Həsənov ittihamları rədd edir.
Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsində 2021-ci il sentyabrın 3-dən mühakimə olunur.
Səhhəti ağır olan Eldar Həsənov 2021-ci ildə üç dəfə (iyul, avqust, oktyabr aylarında) Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında müalicə alıb.
Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olub.
Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Almaniya, Rumıniya, Makedoniya, Ukrayna, Serbiya, Monteneqroda nəşr olunmuş kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
Eldar Həsənov həmçinin Narkotizm, Alkoqolizm və Digər Asılılıqlar üzrə Beynəlxalq Şuranın və BMT proqramlarının Türkiyə və MDB ölkələri üzrə əlaqələndiricisi olub, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının (London), İnsan Hüquqları və Demokratiya üzrə Avropa Hüquqşünaslar Assosiasiyasının (Drezden), Beynəlxalq Kriminologiya Cəmiyyətinin (Paris) və bir çox başqa beynəlxalq təşkilatın üzvüdür, Davamlı Sülh və İnkişaf Naminə Beynəlxalq Fond (Sofiya), Beynəlxalq Hüquqşünaslar İttifaqı (Moskva), Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatı və başqa beynəlxalq qurumlarda rəhbər vəzifələr tutur.
Eldar Həsənov Rumıniyanın üç universitetinin fəxri doktorudur, Serbiya Kral Akademiyasında təmsil olunur.
Ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi
Eldar Həsənovun səhhəti yaxşı deyil
“Mənim düşmənim yoxdur, ermənidən başqa”
Eldar Həsənov qərarı dəyişirmi?
Ziyalıların prezidentə müraciəti
Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”
Gənclərin prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun vəkili nələr deyir?
Eldar Həsənovun vəkilləri prezidentə üz tutub
Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib
Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib
Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb
Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb
Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?
Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır
Eldar Həsənovun işi yeni mərhələdə
“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)
Eldar Həsənov Hərbi Hospitala köçürüldü
Eldar Həsənov reabilitasiya kursu keçir
Eldar Həsənov təcridxanaya qaytarılıb
Eldar Həsənovun vəkillərinin müraciəti
Eldar Həsənov yenə hospitaldadır
Eldar Həsənovun səhhəti daha da ağırlaşıb
Eldar Həsənovun işi məhkəməyə getdi
Eldar Həsənovun ittiham olunduğu maddələr
Eldar Həsənovun məhkəməsi təyin olunub
Eldar Həsənovun vəkili yeni açıqlama yayıb
Eldar Həsənovun işi: hazırlıq iclasının vaxtı dəyişdi
Eldar Həsənovun vəkili balaca zaldakı böyük problemlərdən söz açır
Eldar Həsənovun mühakiməsi, yeni vəsatətlər
Eldar Həsənov: “Qəsdimə yönələn istintaq aparılıb”
Eldar Həsənovun məhkəməsində gərginlik yaşanıb
Eldar Həsənov: “Fələk oğlu fələk də dözməz bu haqsızlıqlara”
Ev dustaqlığına yox deyildi. Eldar Həsənovun vəziyyəti yenə pisləşdi
“Hamınızın bildiyi şöbə müdiri xəbər göndərib ki…”
Eldar Həsənov məhkəmədə yenə özünü pis hiss edib
Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib
Eldar Həsənovun məhkəməsində bir mərhələ bitdi
Avropa Məhkəməsindən Eldar Həsənov sualları
Kəlbəcərlilərdən prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun qızı: “Atamla bərabər həbs yaşayırıq”
Eldar Həsənov yenə hospitala köçürülüb
Eldar Həsənov təcridxanaya qaytarılıb
Kəlbəcərli ziyalılar Eldar Həsənova azadlıq istəyir
Eldar Həsənovun qızı: “Kömək edin, ədaləti bərpa edin”
108 yaşlı qadından Eldar Həsənov müraciəti
Eldar Həsənov qızına nə tapşırıb?
Proses 15 dəqiqə çəkib, Eldar Həsənov zaldan xərəkdə çıxarılıb
“Ayıbdır. Bu qədər qanunsuzluğa məəttəl qalmışam”
Eldar Həsənov: “Yaşamaq hüququmu tələb edirəm”
Avropa Məhkəməsi Eldar Həsənovla bağlı daha bir qərar qəbul edib