Soçi zirvəsi
- 26 Noyabr 2021
- comments
- hikmet
- Posted in Dünyanın səsiManşetXəbər
Noyabrın 26-sı Rusiyanın Soçi şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
Görüşdə çıxış edən Vladimir Putin deyib ki, atəşkəs haqqında bəyanat qəbul ediləndən sonra, 2021-ci ilin yanvarında atəşkəs və normal həyatın bərpa edilməsi haqqında razılaşmalar təsdiqlənib: “Bu müddətdə həqiqətən az iş görülməyib. Əfsus, məsələlərin hamısı hələ də nizamlanmayıb. Sərhəddə baş verən insidentlərdən, faciəli insidentlərdən, hər iki tərəfdən insanların həlak olmasından və yaralanmasından xəbərim var. Bütün bunlar xüsusi diqqət tələb edir. Bu gün onun üçün toplaşmışıq ki, gələcəkdə buna bənzər insidentlər baş verməsin.
Lakin bütövlükdə il ərzində az iş görülməyib. Birincisi, heç bir irimiqyaslı döyüş əməliyyatları baş vermir, bu da özlüyündə çox yaxşı haldır. Bu müddət ərzində qaçqınların qaytarılması ilə bağlı böyük iş aparılıb, 53 min insan daimi yaşayış yerlərinə qayıdıb. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəaliyyət göstərir. Ən əsası odur ki, gələcəkdə normal dinc həyat üçün şərait yaradılır. Bu, çox vacibdir.
Ermənistan, Azərbaycan və Rusiya hökumətlərinin baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiya yaradılıb. Elə düşünməyə əsas var ki, yaxın vaxtlarda biz nəqliyyat kommunikasiyalarının işə salınması üzrə müvafiq qrupun işini nəinki təsdiqləyəcək, həm də hamı üçün uyğun zəruri tədbirlər görəcəyik”.
İlham Əliyev qeyd edib ki, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında vəziyyət bütövlükdə sabitdir: “Ciddi insidentlər olmayıb. Qəsdən törədilmiş təxribatlar olmayıb. Müşahidə olunan ayrı-ayrı hallar sistemli xarakter daşımırdı. Buna görə də Rusiya sülhməramlı kontingentinin yaxşı xidmətinə görə, uzun illər boyu dondurulmuş münaqişə, keçən il tammiqyaslı müharibə vəziyyətində olan regionda təhlükəsizliyi təmin etmələrinə görə təşəkkürümü bildirmək istərdim.
Bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib. Hesab edirəm ki, bu, hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən biridir. Ona görə ki, keçən il noyabr ayında qəbul edilmiş və imzalanmış üçtərəfli bəyanatın praktiki olaraq bütün bəndləri yerinə yetirilib”.
Dövlət başçısı Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiya edilmədiyni vurğulayıb: “Biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq”.
Nikol Paşinyan deyib ki, Dağlıq Qarabağda və regionda vəziyyətin sabitləşməsində Rusiya sülhməramlıları, Rusiya Federasiyası mühüm rol oynayır: “Lakin vəziyyət istənilən qədər sabit deyil. Keçən il noyabrın 9-dan sonra hər iki tərəfdən onlarca insan həlak olub və hadisələr Dağlıq Qarabağda da baş verir. Bu il mayın 12-dən bəri Ermənistan-Azərbaycan sərhədində faktiki olaraq böhranlı vəziyyətdir və bizim rəyimiz belədir ki, Azərbaycan qoşunları Ermənistanın suveren ərazisinə soxulub. Əlbəttə, Ermənistan və Azərbaycan arasında sərhədlər delimitasiya və demarkasiya edilməyib, lakin dövlət sərhədi mövcuddur və bu, Ermənistan Respublikasının suveren ərazisidir.
Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamağa hazırdır. Bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, blokadadan çıxarılması mövzusu da bizim üçün çox vacibdir. Biz bu məsələlərin həll edilməsində həqiqətən maraqlıyıq”.
Görüşdən sonra prezidentlər və baş nazir mətbuata bəyanatla çıxış ediblər. Vladimir Putin görüşdə bir sıra məsələlər barədə razılıq əldə olunduğunu deyib: “Onlardan birincisi bu ilin sonuna qədər mexanizmlər yaradılmasıdır. Biz iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəldik. Ümidvaram ki, bu, tezliklə baş verəcək. Bu mexanizmlərin yaradılması üçün heç bir maneə yoxdur.
İkinci məsələ humanitar xarakterli məsələlərlə bağlı çox mühüm, həssas məqamdır. Biz burada da nəzərəçarpacaq dərəcədə irəlilədik.
Üçüncü məsələ ondan ibarətdir ki, biz iqtisadi xarakterli məsələlər, iqtisadi əlaqələrin inkişafı barədə çox ətraflı söhbət etdik, birinci addım kimi nəqliyyat dəhlizlərinin açılması barədə danışdıq, bu həm dəmir yoluna, həm də avtomobil yollarına aiddir”
İlham Əliyev qeyd edib ki, görüşdə çox ətraflı, səmimi söhbət aparılıb: “Biz öz planlarımızı, hər iki tərəfi narahat edən məsələləri açıq müzakirə etdik. Mübahisələrin, fikir ayrılıqlarının nizamlanması işində qəbul etdiyimiz qərarlar, zənnimcə, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq.
Mən dəfələrlə demişəm, biz Ermənistanla çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindəyik və düşünürəm ki, məhz bu formatda öz məqsədlərimizə çatacağıq.
Azərbaycan üçün Rusiya dostdur, strateji tərəfdaşdır. Mən deyərdim ki, hətta strateji tərəfdaşdan da artıqdır. Azərbaycanla Rusiya arasında etimada əsaslanan münasibətlərin səviyyəsi o cümlədən ən həssas məsələlər barəsində Ermənistanla ortaq fikrə gəlməyimizə şərait yaradır. Düşünürəm ki, görüşümüzün nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq”.
Nikol Paşinyan görüşün yaxşı keçdiyini qeyd edib: “Çox müsbət görüşümüz, müsbət söhbətimiz oldu. Biz faktiki olaraq gündəlikdəki bütün məsələləri müzakirə etdik. Bir çox məsələlər üzrə mövqelərimizi çox pozitiv dəqiqləşdirdik və məlum oldu ki, bəzi məsələlər barədə bizdə heç bir fikir ayrılığı yoxdur. Biz regionda bütün kommunikasiyaların açılması məsələsi barədə qeyd etdik ki, bu kommunikasiyaların necə işləyəcəyi barədə təsəvvürümüz ortaqdır. Delimitasiya və demarkasiya prosesinə başlamaq mövzusu təzə deyil. Biz bu məsələni müzakirə etdik. Biz həm də üçtərəfli bəyanat qəbul etdik, orada qeyd etdik ki, bundan əvvəl zəruri şərait yaratmaq, yəni Ermənistanla Azərbaycan arasında sərhəddə müəyyən təhlükəsizlik və sabitlik mexanizmləri yaratmaq lazımdır.
Mən Ermənistanın və Ermənistan xalqından mandat almış Ermənistan hökumətinin ölkəmiz üçün, bizim region üçün dinc inkişaf erasının başlanmasına hazır olduğunu təsdiq edirəm və bizim hədəfimiz budur”.
Üç liderin görüşündə birgə bəyanat imzalanıb. Bəyanata əsasən, Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmaq və dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiyanın məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması şərti kəsilib.
1923-cü il iyulun 7-də Azərbaycanda ermənilərin çoxluq təşkil etdiyi Dağlıq Qarabağ bölgəsinə muxtar vilayət statusu verilib. 1988-ci il fevralın 13-dən bölgədə Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət vilayətin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin dövlət hakimiyyəti orqanı – Xalq Deputatları Soveti bölgəni Ermənistana birləşdirmək məsələsi qaldırıb, bununla separatçı hərəkat açıq təcavüzə çevrilib.
1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, bunun ardınca müharibə alovlanıb.
1991-ci il noyabrın 26-da Azərbaycan parlamenti Dağlıq Qarabağ Muxtar Vilayəti milli ərazi qurumu kimi ləğv edib. Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert rayonu Ağdərə rayonu, Martuni rayonu Xocavənd rayonu adlandırılıb.
Xocalı rayonu yaradılıb, Əsgəran rayonu onun tərkibinə, Hadrut rayonu Xocavənd rayonunun tərkibinə verilib.
Azərbaycan parlamentinin 13 oktyabr 1992-ci il qərarı ilə Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülüb.
1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən və onun ətrafındakı Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən ermənilərin əlinə keçib.
Azərbaycanın başqa bölgələri də işğala məruz qalıb: Sədərək rayonunun Kərki kəndi (1990-cı ildə), Qazax rayonunun Bağanıs Ayrım kəndi (1990-cı ildə), Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri (1992-ci ildə).
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbi kontingenti yeridilib, Ağdam rayonunda atəşkəsə nəzarət edən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi qurulub.
2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin imzaladığı atəşkəs bəyanatı bölgədəki bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını da nəzərdə tutub. Sənədə görə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi yaradılmalıdır.
2021-ci il yanvarın 11-də Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin Moskvada imzaladıqları birgə bəyanatla regionda bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını reallaşdırmaq məqsədilə üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb.
İlham Əliyev və Nikol Paşinyan daha bir görüşə razılıq veriblər. Onlar dekabrın 15-i Avropa İttifaqının Şərq tərəfdaşlığı sammitinin keçiriləcəyi Belçika paytaxtı Brüsseldə bir araya gələcəklər. Görüş razılığını Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel alıb.