Böyük Britaniyanın “Middle East Eye” saytında “Rusiya və Çin yaxın zamanda İranı iqtisadi böhrandan xilas edə bilməyəcək” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi iranlı alim Fərdin İftixaridir. Novator.az saytı məqaləni qısa ixtisarla ingilis dilindən çevirərək təqdim edir.
Tehran Moskva və Pekinlə əlaqələrindən yararlanıb Qərbə təzyiq göstərmək istəyir. Rusiya və Çin isə belə görünür ki, dünya ticarətinə aludədir, ona görə İranın geosiyasi oyunlarında iştirak riskinə meyillənmir.
ABŞ və Avropa ilə 40 ildir toqquşmada olan İran Qərbin iqtisadi basqısına duruş gətirə bilmək üçün indiyədək Çindən və Rusiyadan çox istifadə edib. Pekinlə Moskva da İrana xeyli iqtisadi və siyasi dəstək verib.
ABŞ-ın sərt sanksiyaları fonunda Pekin İrandan neft idxalını, həyati əhəmiyyət daşıyan sahələrdə ticarətini bu gün də davam etdirir. Çin həmçinin Rusiya ilə əl-ələ verib Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə İranla nüvə danışıqlarının bərpa olunmasına, İrana qarşı sanksiyaların ləğvinə tərəfdar çıxır.
Çinin İranla imzaladığı 25 illik geniş strateji planı da var. Bu plan İran neftinin Çinə davamlı ixracını, İrana müxtəlif sahələrdə milyardlarla dollar sərmayə yatırılmasını nəzərdə tutur.
Ancaq qarşılıqlı diplomatik səfərlərə, yüksək səviyyəli təmaslara, Rusiya və Çinlə sazişlərinə baxmayaraq oyun qaydalarını tez-tez dəyişməyə meyilli Tehran Pekin və Moskva ilə iqtisadi əlaqələrini lazımi qədər inkişaf etdirə bilməyib.
Hazırda İran prezidenti İbrahim Rəisinin başçılıq etdiyi mühafizəkar hökumət Çin və Rusiya ilə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələri yeni səviyyəyə qaldırmağa ümid edir. Ancaq İranda tərəfdaşlığa mane olan ciddi problemlər var və bu problemlər sistemin mahiyyətindən doğur.
1979-cu ilin islam inqilabı nəticəsində formalaşmış bu sistem onun nizamını müəyyənləşdirən ruhanilərlə hökumət arasında daim ikitirəlik yaranmasına rəvac verir.
Sistemin məsləhətini müəyyənləşdirən heyətin hədəfləri, planı bəzən hökumətin gündəliyi ilə düz gəlmir. Üstəlik, İranda hökuməti gah mühafizəkar, gah da mötədil qanad formalaşdırır ki, bu cinahların da xarici siyasətə və iqtisadi inkişafa yanaşma tərzi bir-birindən fərqlənir.
Hər yeni prezident öz sələfinin gördüyü işləri, qurduğu planları bir kənara qoyub mühüm sahələr, o cümlədən xarici əlaqələr, xarici ticarət üzrə yeni modellər qurmağa, yeni planlar cızmağa başlayır. Həm də İranın ali liderinin müəyyənləşdirdiyi, dönə-dönə üstündə durduğu bir xətt var: iqtisadiyyat elə qurulmalıdır ki, xaricdən nəsə almağa ehtiyac qalmasın, ölkə özü özünü dolandıra bilsin. Bu isə istər-istəməz hökumətlərin (mühafizəkar və ya mötədil) fəaliyyət imkanlarını məhdudlaşdırır, onları çərçivəyə salır.
İran sistemindəki bu təzadlar hökumətin yürütdüyü siyasətin, qəbul etdiyi normativ aktların uzunömürlü, dayanıqlı olmasına inamı sarsıdıb və buna Rusiya ilə Çini İran iqtisadiyyatında uzunmüddətli iştirakdan çəkindirən amillərdən biri kimi baxmaq olar.
İllərdir davam edən sanksiyalar, iqtisadi təcrid İrana xarici strateji əlaqələrini öz geniş resurslarına uyğun səviyyədə qurmağa imkan verməyib. Tehran vaxtının və enerjisinin çoxunu sanksiyalardan salamat qurtarmağa sərf edir. Bu işdə isə o, Rusiya ilə Çini əvəzolunmaz iqtisadi tərəfdaş sayır.
Tehran hesab edir ki, sanksiyaların zərərli təsirlərini azaltmaq üçün Çin və Rusiya, eləcə də Qərblə ziddiyyətdə olan başqa ölkələrlə əlaqələri gücləndirməlidir.
Eyni zamanda Tehran Qərbin apardığı iqtisadi müharibəyə tab gətirə bilmək üçün Rusiya və Çinlə birləşib, necə deyərlər, “sanksiyalar altında olan ölkələr qrupu” yaratmağa səy göstərir.
Çinin ABŞ və Avropa Birliyi ölkələri ilə iri həcmli ticarət dövriyyəsi, Rusiyanın isə Avropada böyük enerji bazarı var. Ona görə Pekin və Moskva ABŞ-ın İrana qarşı sanksiyalarına daim boyun əyməyə məcbur olublar və Tehranın xeyrinə manevr edə bilməyiblər.
Rusiya və Çin iki böyük nüvə dövlətidir, onlar Qərblə həm qlobal əməkdaşlığı, həm də rəqabəti prioritet kimi qəbul edirlər və İranın ambisiyalarını dəstəkləyib özlərini ziyana salmaq istəmirlər.
İran iqtisadiyyatının sanksiyalara görə getdikcə zəiflədiyi, ölkənin strateji sahələrdə böyük sərmayələrə, əsaslı yenidənqurmalara ehtiyac duyduğu bir vaxtda Rəisi hökuməti hələ də xarici iqtisadi əlaqələrə dair strateji plan ortaya qoymayıb.
Rusiya və Çin İrana qarşı sanksiyaların aradan qaldırılmasının leqal yolunu Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə nüvə danışıqlarının aparılmasında görür. Tehran isə buna təxirəsalınmaz bir məsələ kimi baxmır və problemi kökündən həll etmək əvəzinə zahiri dəyişikliklər etməyə üstünlük verir.
Rəisi hökuməti nüvə məsələsinə, Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqlara sələfindən fərqli münasibət sərgiləməyə çalışır. İndiki dövrdə Tehran müdrik davranmalıdır: Rusiya və Çini özündən uzaqlaşdırmağı arzulamırsa, onda konstruktiv nüvə siyasəti yürütməlidir.
Əslində Rusiya və Çin İrana münasibətdə çox ziddiyyətli situasiyadadır: bir yanda iqtisadi sanksiyalar, o biri yanda iqtisadi əlaqələr. Rusiya və Çin, şübhəsiz ki, İrana qarşı sanksiyaları və bu ölkənin daxilində sistemin doğurduğu çoxsaylı məhdudiyyətləri iqtisadi əməkdaşlığın yüksək səviyyəyə çatdırılmasına maneə sayır. Həm Moskva, həm də Pekin ümid edir ki, sanksiyalar aradan qalxsa, İranın istifadəsiz qalmış bazarlarında mühüm paya sahib olacaq.
İrana nüvə danışıqlarında daha çox güzəşt əldə etmək üçün Rusiya və Çindən Qərbə qarşı təsir vasitəsi kimi yararlanmaq vacib olsa da, Moskva və Pekin Tehranın mühüm iqtisadi gözləntilərini yerinə yetirməyə hazır deyil.
Qısası, Tehranın Pekin və Moskva ilə qurduğu, gizli əməliyyatlardan, gizli daşınmalardan ibarət iqtisadi əməkdaşlığı onun yalnız gündəlik ehtiyaclarının bir hissəsini ödəməyə yetə bilər və üstəlik, bu cür əməkdaşlıq əbədi davam edə də bilməz.
Tehran daxili və beynəlxalq maneələri aradan qaldırmasa, eləcə də ABŞ və onun regional müttəfiqləri ilə uzunmüddətli razılaşmaya nail olmasa, Çin və Rusiya İranla əməkdaşlığa könülsüz yanaşmağa məhkum qalacaq və onu ağır iqtisadi vəziyyətdən çıxarmaq kimi çətin, faktiki mümkünsüz missiyanı yerinə yetirə bilməyəcək.
Mənbə: Middleeasteye.net