Siyasətçi İsa Qəmbərin rəhbərlik etdiyi Milli Strateji Düşüncə Mərkəzi (MSDM) İkinci Qarabağ müharibəsindən ötən bir ildə yaranmış vəziyyəti müzakirəyə çıxarıb. “Basta”nın məlumatına görə, MSDM hesab edir ki, Vətən müharibəsində 7 rayonun, həmçinin Hadrut qəsəbəsi və Şuşa şəhərinin, digər məntəqələrin azad edilməsi tarixi uğurdur və Azərbaycan cəmiyyəti bu qələbəni yüksək qiymətləndirir.
Müzakirədə o da qeyd olunub ki. cəmiyyətdə Rusiya hərbçilərinin sülhməramlı adı altında Qarabağa yerləşdirilməsinə münasibət mənfidir: “Ermənistanla sülh müqaviləsinin bağlanması, sərhədlərin dəqiqləşdirilməsi məsələsində hələlik ciddi irəliləyiş yoxdur. İkinci Qarabağ müharibəsindən sonra ölkə rəhbərliyi Qarabağ məsələsinin bitdiyini, ərazi suverenliyimizin bərpa olunduğunu dəfələrlə bəyan edib. Halbuki hazırda 3150 kvadrat kilometr ərazimiz Rusiya hərbçilərinin və erməni silahlı birləşmələrinin tam nəzarətindədir. Belə təəssürat yaranır ki, ölkə rəhbərliyi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin dörddə birinin işğaldan azad edilməsi ilə kifayətlənmək niyyətindədir, hakimiyyət Xankəndi və işğal altında qalan digər ərazilərlə bağlı mövzularda susqunluq nümayiş etdirir.
Azərbaycandakı siyasi rejimin obyektiv və subyektiv səbəblərdən beynəlxalq aləmdə qarşılaşdığı problemlər də nəzərə alınarsa, döyüş meydanında qazanılan qələbənin diplomatiya savaşında əldən verilməsi təhlükəsi cəmiyyətdə ciddi narahatçılıqla qarşılanır.
Müharibədəki acı məğlubiyyətdən sonra yaranmış siyasi böhranı qismən aradan qaldırmağa nail olmuş Ermənistan hökuməti konfliktin tam bitmədiyi və Yuxarı Qarabağda yaşayan ermənilərin statusu ilə əlaqədar iddialarına beynəlxalq aləmdən dəstək almaqdadır. Bundan ruhlanan Ermənistan rəsmiləri artıq müharibədən əvvəlki destruktiv siyasi ritorikaya üstünlük verməkdədirlər.
Ermənistanın baş naziri açıq şəkildə bəyan edir ki, Zəngəzur dəhlizi danışıqlar mövzusu deyil. Bu o deməkdir ki, Ermənistan vaxtılə BMT qətnamələrini yerinə yetirmədiyi kimi indi də Rusiyanın vasitəçiliyi ilə bağlanan üçtərəfli bəyanatda qeyd olunan öhdəlikləri yerinə yetirməkdən açıq şəkildə imtina edir.
MSDM hesab edir ki, ölkə rəhbərliyi Ermənistan Respublikasından zorla çıxarılan azərbaycanlı əhalinin öz yurdlarına qayıtmaq hüququ, onların təhlükəsizliyinin təminatı və statusunun müəyyən edilməsi məsələsini siyasi gündəmə gətirməli və bu məsələlərin Yuxarı Qarabağda məskunlaşan ermənilərin hüquq və imtiyazları mövzusu ilə birlikdə, eyni vaxtda simmetrik qaydada həll oluna biləcəyini əsaslandırmalıdır. Beynəlxalq aləmin nəzərinə çatdırılmalıdır ki, bu yanaşma insan hüquqlarına, haqq və ədalət prinsiplərinə uyğun olduğu kimi həm də sülh və əmin-amanlığa da əsas təminatlardan biri olacaq və davamlı sabitliyə xidmət edəcək.
Simmetriya prinsipi Laçın və Zəngəzur dəhlizlərinə də aid olunmalıdır. Azərbaycan rəhbərliyi özündə siyasi cəsarət tapıb Laçın dəhlizinin tam nəzarətə götürülməsi, ən azı həmin dəhlizdə sərhəd-keçid məntəqələrinin qurulması üçün qətiyyətli addımlar atmağa hazır olmalıdır”.
MSDM-də siyasətçilər, müxtəlif sahələr üzrə ekspertlər təmsil olunurlar.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı bölgələri işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın keçirdiyi hərbi əməliyyatlarda ərazilərin böyük bir hissəsi azad olunub. Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzaladığı bəyanatla hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağa və bölgəni Ermənistanla birləşdirən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilib. Ermənistan dekabrın 1-dək ərazilərin daha bir qismini Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır. Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.
10 noyabr 2020-ci il razılaşması bölgədəki bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını da nəzərdə tutub. Birgə bəyanata görə, Ermənistan Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməlidir.