Hüquqşünas Xalid Ağalıyev Ali Məhkəmə Plenumunun ictimai fəallar Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlinin işi üzrə qərarının bəzi detallarını yayıb.
Noyabrın 19-da həmin fəallara bəraət verilib, dövlətin boynuna onlara təzminat ödəmək öhdəliyi qoyulub. Gənclər, həmçinin Məmməd Əzizov, Şahin Novruzlu, Bəxtiyar Quliyev, İlkin Rüstəmzadə 2013-cü ildə tutularaq kütləvi iğtişaş təşkil etmə cəhdində təqsirli biliniblər, bir müddət həbsdə yatıblar.
Novator.az-ın məlumatına görə, Xalid Ağalıyev yazır ki, Ali Məhkəmə Plenumunun 19 noyabr 2021-ci il qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, cinayət işi üzrə icraata xitam verilib.
Dövlət 14 mart 2013-cü ildən 17 mart 2016-cı ilədək həbsdə olmuş Rəşad Həsənova 66 min 700 manat, 30 mart 2013-cü ildən 30 dekabr 2014-cü ilədək həbsdə olmuş Üzeyir Məmmədliyə 28 min 300 manat, 30 mart 2013-cü ildən 17 mart 2016-cı ilədək həbsdə olmuş Rəşadət Axundova 66 min 700 manat, 1 aprel 2013-cü ildən 30 dekabr 2014-cü ilədək həbsdə olmuş Zaur Qurbanlıya 28 min 300 manat mənəvi ziyan əvəzi ödəməlidir.
Ərizəçilər onlara dəymiş maddi ziyanın da ödənməsi tələbi ilə mülki qaydada məhkəməyə müraciət edə bilərlər.
2020-ci il martın 5-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanla bağlı qətnamə qəbul edib, müxalif siyasətçi İlqar Məmmədov, vətəndaş cəmiyyəti fəalları və hüquq müdafiəçiləri Rəsul Cəfərov, Anar Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Rəşadət Axundov, İntiqam Əliyevin hüquqlarının bərpa edilməməsinə irad bildirib, Azərbaycan dövlətini ittiham hökmlərinin ləğvini təmin etməyə və mənfi nəticələri aradan qaldırmağa, o cümlədən həmin şəxslərin mülki və siyasi hüquqlarının tam bərpasını təmin etməyə çağırıb.
Avropa İnsan Hüquqları Məhkəməsi onların Azərbaycanda məhkum edilməsini qanunsuz sayıb, 29 may 2019-cu il qərarında göstərib ki, Azərbaycan 2014-cü ilin mayından başlayaraq bu qrup üzrə ilk qərarın icra edilməsinə dair öhdəliyini yerinə yetirməyib.
Azərbaycan Ali Məhkəməsinin Plenumu 23 aprel 2020-ci il iclasında Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovun və hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işlərinə yenidən baxıb, hər iki şəxsə bəraət verilməsi, dövlətin onlara mənəvi ziyana görə təzminat ödəməsi (İlqar Məmmədova 234 min manat, Rəsul Cəfərova 57 min 400 manat) qərarları çıxarılıb.
Avropa Şurasının Nazirlər Komitəsi 2021-ci il iyunun 9-da dərc edilən qətnamədə Azərbaycan dövlətini haqqında Avropa Məhkəməsinin qərarları olan bir qrup şəxsin hüquqlarını dərhal bərpa etməyə çağırıb. Sənəddə həbsdə olmuş hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, jurnalist Xədicə İsmayıl, ictimai fəallar Zaur Qurbanlı, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Bayram Məmmədov (2021-ci ilin may ayında həlak olub), Qiyas İbrahimov və siyasətçi Natiq Cəfərlinin adları çəkilib, Avropa İnsan Hüquqları Məhkəməsinin onların Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan hüquqlarının pozulduğunu müəyyən etdiyi xatırladılıb.
Natiq Cəfərlinin cinayət təqibinə xitam verildiyi, üstündə vergi borcu qaldığı bildirilib.
Nazirlər Komitəsi Azərbaycan dövlətini göstərilən şəxslərin işləri üzrə tədbirlər görülməsində irəliləyişə nail olmağa, pozuntuların köklü səbəblərinin aradan qaldırılması üçün effektiv addımlar atmağa çağırıb.
1949-cu ildə yaradılan Avropa Şurasının əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi, milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir.
Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.
Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub.