Son günlər Türkiyə lirəsi kəskin ucuzlaşır. Noyabrın 25-də ABŞ dolları 12 lirədən baha təklif olunur.
Novator.az-ın məlumatına görə, iqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu yazır ki, Türkiyə lirəsinin kəskin dəyər itirməsi Azərbaycan hökuməti üçün də dərs olmalıdır: “Türkiyənin bu günü bir neçə ildən sonrakı postneft Azərbaycanının və Rusiyasının gələcəyidir. Heç kəsə sirr deyil ki, Azərbaycan manatı və Rusiya rublunun sabitliyi yalnız neft-qaz gəlirlərinin sayəsində təmin olunur. Bu gəlirlər azalan kimi həm Rusiyada, həm də Azərbaycanda qara günlər başlayacaq.
Təəssüf ki, son dörd ildə büdcə xərclərinin 23,2 faiz artımı fonunda qeyri-neft sektorunu cəmi 6,2 faiz yüksəldən korrupsioner Azərbaycan hakimiyyəti bu təhlükənin qarşısını almaq üçün lazım olanların heç onda birini etmir. Çünki ölkədə idarəetməyə məsul olan hakim ailədən tutmuş yüksək vəzifəlilərə qədər hər kəsin başı korrupsiya, inhisarçılıq, büdcədən talanan, gizli iqtisadiyyatdan formalaşan kapitalın ölkədən çıxarılıb ofşor şirkətlərin qurulmasına qarışıb.
Türkiyəyə gəlincə, təhlükə hələ də sovuşmayıb, xüsusilə də bu ay və gələn ay kritik olacaq”.
2015-ci ilin devalvasiyalarında Azərbaycanda dolların rəsmi qiyməti 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə kurs 1,7707 manata çatıb. 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2021-ci ilin yanvar-oktyabr aylarında keçirdiyi valyuta hərraclarında 4 milyard 845,3 milyon ABŞ dolları məbləğində vəsait satıb.
Manatı qorumağa Dövlət Neft Fondu 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard dollar sərf edib.
Türkiyənin lirəsi, bizim manatımız