Azərbaycanın Qarabağ bölgəsində erməni muxtariyyətinin ləğvindən 30 il ötür.
Novator.az bildirir ki, 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Muxtar Dağlıq Qarabağ Vilayəti yaradılıb. 1936-cı ildə vilayətin rəsmi adı yenilənib: Dağlıq Qarabağ Muxtar Vilayəti.
1981-ci il iyunun 16-da Azərbaycan Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib. Həmin qanuna görə, Dağlıq Qarabağ Muxtar Vilayəti Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət olub. Vilayətdə dövlət hakimiyyəti orqanı kimi iki il yarımdan bir seçilən Xalq Deputatları Soveti müəyyən edilib.
1988-ci il fevralın 13-dən Dağlıq Qarabağda muxtar vilayətin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Soveti SSRİ, Azərbaycan və Ermənistan hakimiyyətləri qarşısında vəsatət qaldırıb. Vəsatətdə vilayətin Ermənistana birləşdirilməsi istəyi yer alıb, bununla separatçı hərəkat açıq təcavüzə çevrilib.
1989-cu il yanvarın 12-də SSRİ Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Azərbaycanın idarəçiliyindən çıxarılaraq birbaşa Moskvaya bağlanıb, Xüsusi İdarəetmə Komitəsi yaradılıb.
Həmin il noyabrın 28-də Xüsusi İdarəetmə Komitəsi Azərbaycan xalq hərəkatının təzyiqləri nəticəsində ləğv edilib.
1989-cu il dekabrın 1-də Ermənistan Ali Sovetinin və özünü Dağlıq Qarabağ Milli Şurası adlandıran qurumun birgə iclasında Dağlıq Qarabağın Ermənistana birləşdirlməsi barədə qərar çıxarılıb.
1990-1991-ci illərdə Dağlıq Qarabağ bölgəsi Bakının yaratdığı Respublika Təşkilat Komitəsi vasitəsilə idarə olunub.
1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, bunun ardınca müharibə alovlanıb.
1991-ci il noyabrın 26-da Azərbaycan Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayəti milli ərazi qurumu kimi ləğv edib. Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert rayonu Ağdərə rayonu, Martuni rayonu Xocavənd rayonu adlandırılıb.
Xocalı rayonu yaradılıb, Əsgəran rayonu onun tərkibinə, Hadrut rayonu Xocavənd rayonunun tərkibinə verilib.
Azərbaycan parlamentinin 13 oktyabr 1992-ci il qərarı ilə Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülüb.
1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən və onun ətrafındakı Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən ermənilərin əlinə keçib.
Azərbaycanın başqa bölgələri də işğala məruz qalıb: Sədərək rayonunun Kərki kəndi (1990-cı ildə), Qazax rayonunun Bağanıs Ayrım kəndi (1990-cı ildə), Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri (1992-ci ildə).
Dağlıq Qarabağ rejimində 1991-2020-ci illər arasında 6 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib. Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan rəhbərlik edib. 2020-ci ildə rəhbərliyə Araik Arutunyan gəlib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi şəhəri, Şuşa rayonunun 1 qəsəbəsi, 36 kəndi, Xocavənd şəhəri, rayonun 1 qəsəbəsi, 45 kəndi, Xocalı şəhəri, rayonun 1 qəsəbəsi, 44 kəndi, Ağdərə şəhəri və keçmiş Ağdərə rayonunun 35 kəndi işğal zonasında qalıb.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.
Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna yeridilən Rusiya hərbi kontingentinin qalma müddəti 5 ildir. Ağdam rayonunda qurulan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəsə nəzarət edir.
2020-ci ildəki müharibəyə qədər sülh danışıqları Dağlıq Qarabağ ətrafındakı rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması şərti ilə bölgənin yekun statusunun referendumla müəyyənləşməsini nəzərdə tuturdu. Azərbaycan Dağlıq Qarabağa muxtar respublika statusu verməyi mümkün sayırdı. Hazırda Azərbaycanın rəsmi mövqeyi fərqlidir: status yoxdur, olmayacaq.