Türkiyə lirəsi kəskin ucuzlaşır. Novator.az-ın məlumatına görə, noyabrın 24-də ABŞ dolları 12 lirədən bahadır.
Durumu şərh edən iqtisadçı Rövşən Ağayev yazır ki, Türkiyənin Azərbaycanla müqayisə olunmaz dərəcədə nəhəng ixrac potensialı var: “Amma Türkiyə iqtisadiyyatının milli valyutanın dayanıqsızlığı üzündən nələr çəkdiyi göz önündədir. Tək bir fakt: İzmir bələdiyyəsi 2021-ci ilin əvvəlindən məzənnə dəyişikliyinə görə borcunun 3,1 milyard lirə artdığını açıqlayıb. Xarici valyutada borcu olan bütün subyektlərin, xüsusilə biznesin, milli valyutada yığımları olanların itkilərini təsəvvür etmək çətin deyil.
İçi biz qarışıq ixrac potensialı olmayan ölkələr əllərində resurs pulları olmayanda bundan daha betər günə düşə bilər. Fəlakətə.
Pis idarəetmənin kitabını yazan, resurs iynəsinin üzərində rəqs edən hökumətlər insanlara hələ də təlqin edə bilirlər ki, mövcud sabitlik onların uğurlu, peşəkar siyasətlərinin nəticəsidir. Kralın əynində paltar olmadığını görmək üçün yəqin postresurs erasını gözləmək lazım gələcək”.
İqtisadçı Samir Əliyev şərhində Türkiyə hökumətinin şirkətlər və banklarla birgə noyabr-dekabr aylarında 13 milyard dollar borc ödəməli olduğunu vurğulayır: “Bunun 8 milyard dolları noyabrın payına düşür. Lirənin 20 faiz ucuzlaşması kifayət etdi ki, iki ay ərzində məzənnə fərqinə görə bankların borcu ən azı 1,5 milyard lirə, şirkətlərin borcu 600 milyon lirə artsın. Hökumət isə əlavə olaraq 800 milyon lirə ödəməli olacaq. Əlbəttə, lirə indiki mövqedə qalsa”.
Ekspert həmçinin yazır ki, Türkiyə məzənnə hesabına tədiyyə balansını nizama salıb: “2021-ci ilin yanvar-sentyabr aylarını ötən ilin eyni dövrü ilə müqayisə edəndə görünür ki, cari hesablar balansının kəsiri 28,3 milyard dollardan 11,8 milyard dollara düşüb. Buna mal və xidmətlərin ixracının artması hesabına nail olunub. Ötən ilin doqquz ayına nəzərən mal ixracı 58,5 faiz, xidmət ixracı 60,5 faiz artıb. İdxalda da uyğun olaraq 22,7 faiz və 34,4 faiz yüksəliş qeydə alınıb.
Türkiyənin maliyyə hesabında da vəziyyət yaxşılaşıb. Sərmayənin əhəmiyyətli artması hesabına maliyyə hesabındakı 6,5 milyard dollarlıq kəsir 31 milyard dollarlıq artıqlıqla əvəz olunub. Nəticədə tədiyyə balansında müsbət saldo yaranıb. Ötən ilin 9 ayında valyuta ehtiyatı 42,6 milyard dollar əridiyi halda bu ilin müvafiq dövründə 32,6 milyard dollar artıb.
Görünür, Türkiyə hökumətini ucuz lirəyə həvəsləndirən də bu göstəricilərdir. Yəni ixracı stimullaşdırmaq və valyuta ehtiyatlarını qorumaq niyyəti var. Ancaq bu addım qısamüddətli effekt verə bilər və orta, uzun dövr üçün fəsadlar yaradar və yaradır da. Makroiqtisadi sabitliyin olmaması, xüsusilə də yüksək inflyasiya əhalinin sosial vəziyyətini pisləşdirməklə yanaşı biznes üçün də problemlər yaradır. Türkiyə sənayesinin xammal idxalından asılılığı var. Ucuz lirə həm də xammalı bahalaşdırır və deməli, ixraca da mənfi təsiri göstərir. Bank sektorunun dollarlaşması isə makroiqtisadi sabitliyi sarsıdır”.