Noyabrın 19-da Demokratik Qüvvələrin Milli Şurasının bəyanatı yayılıb.
2013-cü ildə yaradılmış quruma tarixçi alim Cəmil Həsənli sədrlik edir. Şuranın Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputat Gültəkin Hacıbəyli və başqa müxaliflər təmsil olunur.
Novator.az-ın məlumatına görə, 19 noyabr bəyanatında qeyd olunur ki, Azərbaycan hakimiyyəti siyasi repressiyanı gücləndirib: “Noyabrın 15-də AXCP üzvü Aqil Hümmətov qurama ittiham üzrə sifarişli məhkəmə sonunda 10 il müddətinə azadlıqdan məhrum edildi. 3 azyaşlı uşaq atası olan Aqil Hümmətov ailəsini kağız və plastik tullantılar toplayıb təhvil verməklə dolandırmağa çalışıb. O, sosial şəbəkədə hökuməti və şəxsən ölkə başçısı İlham Əliyevi tez-tez uşaq pulu tələbi ilə sərt tənqid edirdi. Bunun müqabilində hakimiyyət onu əvvəlcə əsassız yerə psixiatriya xəstəxanasına yerləşdirdi, sonradan isə başqasına xəsarət yetirməkdə şərləyərək həbs etdi.
Aqil Hümmətovdan əvvəl AXCP-nin başqa bir üzvü, partiya sədrinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov sifarişli məhkəmə hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Bu uzunmüddətli həbs cəzaları hakimiyyətin repressiya alətini yenidən daha amansız və qəddar formada tətbiq etməyə başladığını göstərir. Məqsəd soyğunçu və bacarıqsız siyasətlə hər gün bir az da çox narazı salınan xalqı daha da qorxutmaq, cəmiyyət üzərində xofu gücləndirməkdir.
Hakimiyyətin daha amansız siyasi tərz seçdiyini noyabrın 5-də qəbul olunan amnistiya aktı da göstərir. Bu amnistiyanın həm də ictimai-siyasi münasibətlərin yumşalmasına, ölkədə siyasi məhbus probleminin əsaslı həllinə yönələcəyinə ümidlər vardı. Hakimiyyət isə amnistiya aktını elə hazırladı ki, sənəd bir nəfər siyasi məhbusa da şamil edilməsin.
Ən acınacaqlısı odur ki, Birinci Qarabağ savaşının iştirakçılarından biri, Elçibəy hökumətində Gədəbəyin icra başçısı olmuş, rayonun erməni təcavüzündən qorunmasında müstəsna xidmətlər göstərmiş Saleh Rüstəmov xüsusi qərəzli münasibətlə amnistiyaya salınmayıb. Rusiyada qurduğu kiçik biznesinin halal qazancından Azərbaycandakı siyasi məhbus ailələrinə müəyyən məbləğdə vəsait göndərdiyi üçün şərlənərək 7 il 1 ay müddətinə azadlıqdan məhrum edilən və artıq 3 ildən çoxdur həbsdə saxlanan Saleh Rüstəmov bu ifrat qərəz və ayrı-seçkiliyə etiraz olaraq hazırda aclıq aksiyası keçirir”.
Bəyanatda son vaxtlar bir neçə fəalın cinayət məsuliyyətinə alındığı, inzibati həbsə məruz qoyulduğu da xatırladılır, qeyd olunur ki, baş verənlər ölkədə münasibətləri son dərəcə gərginləşdirib, İkinci Qarabağ savaşı günlərində yaranan milli birliyə, həmrəylik ruhuna ağır zərbə vurub: “Azərbaycan iqtidarı nə etdiyinin fərqində olmalı, düz yol tutmadığını başa düşməli, yubanmadan öz səhvini düzəltməlidir. Milli Şura Azərbaycan xalqını hakimiyyətin milli maraqlara zidd olan, dövləti fəlakətə sürükləyən mövcud siyasətinə daha kütləvi və daha ucadan etiraz bildirməyə çağırır”.