Peyvənd olunduğu haqda saxta sənəd alan rusiyalılar indi doğrudan peyvəndlənmək üçün kütləvi şəkildə özəl klinikalara üz tuturlar. Novator.az xəbər verir ki, bunu ABŞ-ın “Forbes” jurnalı yazıb.
Rusiya paytaxtı Moskvanın özəl klinika şəbəkələrinin birindən “Forbes”ə deyiblər ki, son həftələrdə saxta COVİD sertifikatı almış neçə-neçə adam hər gün onlara müraciət edir. Saxta sənəd alanlar icbari tibbi sığorta əsasında dövlət poliklinikalarında peyvənd vurdura bilmədikləri üçün özəl klinikalara üz tutub öz pulları ilə, ödənişlə peyvəndlənmək istəyirlər.
“Forbes”in yazdığına görə, sözügedən özəl klinika şəbəkəsində həmin pasiyentlərə Moskva şəhərinin Vahid Tibb Məlumatları və Analitik Sisteminə dəyişiklik etmədən peyvənd vururlar.
Saxta COVİD sertifikatı alanların indi gerçəkdən peyvəndlənmək istədiklərini başqa bir özəl xəstəxanadan da “Forbes”ə təsdiqləyiblər. Həmin klinikanın bir həkimi jurnala açıqlamasında belə müraciətlərin kifayət qədər olduğunu vurğulayıb. Ancaq o, klinika rəhbərliyinin bu cür şəxslərə peyvənd vurulmasını, onlarla bu mövzuda hər hansı müzakirə aparılmasını belə qadağan etdiyini söyləyib.
“Forbes” jurnalı peyvəndləndiyi haqda saxta arayış əldə etmiş vətəndaşlara indi gerçəkdən vaksinasiya xidməti göstərən klinikaların peyvənd ampulaları uçotundan necə yayındığını da araşdırıb.
Rusiyanın iri bir tibb şəbəkəsinin əməkdaşları “Forbes”ə danışıblar ki, yerli “Sputnik V” peyvəndi 5 dondurulmuş dozadan ibarət paketdə gəlir. Əməkdaşların sözlərinə görə, İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətin (“Rospotrebnadzor”) göstərişinə əsasən, buz əriyəndən sonra iki saat ərzində istifadə olunmayan dozalar silinməlidir. Məsələn, peyvəndlənmək üçün 4 nəfər qeydiyyatdan keçibsə, paketdəki beşinci doza istifadə olunmamış doza kimi silinir.
Rusiya Səhiyyə Nazirliyindən “Forbes”ə deyiblər ki, saxta arayışın sahibi dövlətə məxsus tibb müəssisəsində peyvənd oluna bilməz. Çünki bütün peyvəndlənmiş insanlar haqda informasiyalar vahid reyesterə daxil edilir. Adı artıq peyvəndlənmiş şəxs kimi məlumat bazasında keçən pasiyent peyvəndin yeni dozasını sertifikatda göstərilən tarixdən altı ay sonra qəbul edə bilər. Səhiyyə Nazirliyi məhz bu müddət başa çatandan sonra təkrar peyvəndlənməyi mümkün hesab edir.
“Forbes” xatırladır ki, saxta peyvənd arayışı verərkən tibb müəssisəsinin həkimi vətəndaşın məlumatlarını vahid reyestrə daxil edir, peyvəndin istifadə olunmamış dozasını isə məhv edir. Bundan sonra həmin pasiyent dövlət xidməti portalından sertifikat və QR kod ala bilir.
Bugünlərdə internetdəki bəzi “qara forumlar”da və “Telegram” kanalında saxta COVİD sertifikatı aldığı iddia edilən Rusiya vətəndaşları haqda informasiyalar satışa çıxarılıb. Bunu satanlardan biri jurnalistlərə deyib ki, məlumat bazasının min sətirdən ibarət hissəsinin satış qiyməti 8,5 min rubla (120 dollar) yaxındır. Həmin bazada vətəndaşın şəxsiyyətini təsdiqləyən sənədin, sığorta kartının, telefonunun nömrələri, qeydiyyatda olduğu ünvan, habelə peyvəndin vurulduğu tarixləri bildirən məlumatlar yer alır.
Son zamanlar Rusiyada hər gün COVİD-19 infeksiyasına 40 minə yaxın yoluxma və mindən çox ölüm baş verir.
Mənbə: Forbes.ru