Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, məhbus Saleh Rüstəmov noyabrın 6-dan aclıq aksiyası keçirir. O, noyabrın 8-də Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli yazır ki, Qarabağ qazisi olan Saleh Rüstəmovun müdafiəsinə hər gün qoşulanlar var: “Ölkə müxalifəti, vətəndaş cəmiyyəti, sosial şəbəkə fəalları Saleh bəyə azadlıq tələb edir. Ona qarşı qərəzli, ədalətsiz münasibətin dəyişməsini, onun azad edilməsini hər ötən gün daha çox insan tələb edir. Ölkə daxilində müdafiə kampaniyası genişləndikcə Saleh bəyin müdafiəsinə beynəlxalq təşkilatlar da qoşulur.
İndi artıq aydındır ki, Saleh Rüstəmov probleminin həll olunmaması hakimiyyətin özünə də zərbədir. Saleh bəyə qarşı qəddar münasibət cəmiyyətdə hakimiyyətin bütövlükdə Qarabağ qazilərinə, vətən üçün döyüşmüş veteranlara münasibəti kimi qəbul edilir. Onu və digər siyasi məhbusları azad etmək hakimiyyətin öz marağına da uyğun olar, hakimiyyəti haqlı və kütləvi el qınağından xilas edərdi. Hazırda bizim bütün tələblərimiz, çağırışlarımız hakimiyyətə yönəlməlidir. Saleh Rüstəmov kimi cəsur, vətənpərvər, mərd övladlarımızın məhbəslərdə məhv edilməsinə imkan verməməliyik”.
Saleh Rüstəmov aclıq aksiyasını həbsdə qanunsuz saxlanması, noyabrın 5-də Milli Məclisin qərarı ilə verilən amnistiyaya düşməməsi, ailəsinin mülkünün müsadirə edilməsi ilə əsaslandırır.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı çalışmış Saleh Rüstəmov Birinci Qarabağ müharibəsinin veteranıdır. Gədəbəyin Başkənd kəndinin işğaldan azad edilməsi əməliyyatının rəhbərlərindən olub.
1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.
2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.
AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.
2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.
2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.