Müdafiə Nazirliyinin 16 noyabr məlumatına görə, Ermənistan silahlı qüvvələri səhər saat 11 radələrində dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində yüksəklikləri ələ keçirmək və daha əlverişli mövqelərə yiyələnmək məqsədilə hərbi əməliyyata başlayıb: “Basarkeçər (Vardenis) və Qarakilsə (Sisiyan) rayonlarında yerləşən mövqelərə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən hərbi bölmələr Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib, mövqelər müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutulub. Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.
Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr dərhal təxirəsalınmaz əməliyyat həyata keçirib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçilər tərksilah edilərək saxlanıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat ələ keçirilib.
Qarşı tərəfin hərbi birləşmələri Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.
Azad edilmiş sərhəd bölgələrində, o cümlədən Ermənistana bitişik Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarında mühafizə sistemi gücləndirilir. Azərbaycan hərbçiləri 2021-ci ilin may ayında Ermənistanla sərhədin Laçın rayonu istiqamətindəki Qaragöl sahəsini və Kəlbəcər istiqamətində bəzi əraziləri nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.