Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri 2020-ci ilin eyni dövrünə nisbətən 5,7 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları 6,7 faiz, qeyri-ərzaq məhsulları 4,6 faiz, ödənişli xidmətlər 5 faiz bahalaşıb. Novator.az-ın məlumatına görə, rəsmi açıqlamaya münasibət bildirən iqtisadçı, ADR Partiyasının sədri Qubad İbadoğlu inflyasiya statistikasının saxtalaşdırıldığını düşünür: “Azərbaycanda inflyasiya ikirəqəmlidir”.
Ekspert yazır ki, Mərkəzi Bankın qiymətləndirmələrinə görə, inflyasiyanın beşdə dördü qeyri-monetar amillər, yəni pul və kredit siyasəti ilə əlaqəsi olmayan faktorlardan qaynaqlanır, bunun da təqribən beşdə ikisi daxili xərc amilləri – dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin artımından irəli gəlir: “Deməli, Tarif Şurasının qərarları inflyasiyanın artmasında əhəmiyyətli amildir. Amma hökumət bunu nəzərə almadan yenə də tənzimlənən tarifləri qaldırmaq siyasətini davam etdirir.
İnflyasiya səviyyəsinin düzgün ölçülməməsi manatın alıcılıq qabiliyyətini itirməsində də özünü göstərir. Bəzi ekspertlər, Mərkəzi Bankın rəhbəri dünya bazarında neftin bahalaşmasından əldə edilən valyuta gəlirlərinin artması, işgüzar aktivliyin aşağı düşməsi səbəbindən (bu ilin 10 ayında sərmayə qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard manat azalıb) devalvasiya təhlükəsinin sovuşduğunu deyirlər. Bu, qısamüddətli dövrdə özünü doğrulda bilər, amma Mərkəzi Bank orta və uzunmüddətli dövrdə devalvasiya risklərinin qaldığını əsas götürərək valyuta satışında məhdudiyyətləri aradan qaldırmağa tələsmir. Hazırda bir nəfər 20 min manatlıqdan artıq dollar ala bilmir.
Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyə (1 dollar 9,98 lirə) və Rusiya (1 dollar 72,88 rubl) milli valyutaları ilə bağlı bir-birinə əks proseslərin fonunda manatın sabitliyi də nisbi xarakter daşıyır, sabitlik yalnız ABŞ dollarına nisbətdə müşahidə olunur. Bu isə manatın tənzimləyici funksiyasından istifadəni məhdudlaşdırır, manat bahalı idxal əməliyyatlarını təşviq etməklə inflyasiyanı da stimullaşdırır. Odur ki, hazırkı vəziyyət sadə deyil, əslində əvvəlki illə müqayisədə daha mürəkkəbdir, ona görə də imkanı olan hər kəs pulunu dollara, avroya, funt sterlinqə çevirib xarici bazarlara daşımaqla məşğuldur”.
2015-ci ilin devalvasiyalarında dolların rəsmi qiyməti 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə kurs 1,7707 manata çatıb. 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2021-ci ilin yanvar-oktyabr aylarında keçirdiyi valyuta hərraclarında 4 milyard 845,3 milyon ABŞ dolları məbləğində vəsait satıb.
Manatı qorumağa Dövlət Neft Fondu 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard dollar sərf edib.