Rəsmi məlumata əsasən, 2021-ci il oktyabrın 1-nə Azərbaycanda 1 milyon 205,4 min nəfər pensiyaçı qeydə alınıb. Bu, ilin əvvəli ilə müqayisədə 23,4 min nəfər azdır. 2021-ci ilin əvvəlində 1 milyon 228,8 min nəfər pensiyaçı vardı.
Azalmanın bir hissəsi pensiyası ləğv olunan şəxslərin hesabınadır. Novator.az-ın məlumatına görə, iqtisadçı, ADR Partiyasının sədri Qubad İbadoğlu rəsmi hesabatlara əsaslanaraq yazır ki, 2018-ci ildə 53019 nəfərin, 2019-cu ildə 54981 nəfərin, 2020-ci ildə 62369 nəfərin, 2021-ci ilin ilk yarısında 40782 nəfərin pensiyası ləğv olunub, bu ixtisarlar hesabına 500 milyon manata qənaət edilib.
Azərbaycanda kişilər 65, qadınlar 62 yaş yarımda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.
Ölkədə minimum pensiya 200 manatdır.
2015-ci ilin əvvəlində 1 milyon 290,9 min nəfər, 2016-cı ilin əvvəlində 1 milyon 299,9 min nəfər, 2017-ci ilin əvvəlində 1 milyon 315,2 min nəfər, 2018-ci ilin əvvəlində 1 milyon 318,4 min nəfər pensiyaçı olub.
2019-cu ilin əvvəlinə pensiyaçıların sayı 1 milyon 295,5 min nəfərə, 2020-ci ilin əvvəlinə 1 milyon 270,6 min nəfərə, 2021-ci ilin əvvəlinə 1 milyon 228,8 min nəfərə enib.
Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28800 manat (bu məbləğ minimum pensiya göstəricisinin (200) gözlənən pensiya ödənişi müddətinin aylarının sayına (144) vurulmasından yaranır) minimum pensiya kapitalı tələb olunur. Əks halda pensiya yaşı çatan şəxsə 130 manat məbləğində yaşa görə müavinət verilir.