Pandemiya başlanandan bəri maska, əlcək və COVİD-lə əlaqəli digər plastik vasitələr okeanları daha çox çirkləndirməkdədir. Novator.az saytı ABŞ-ın “CBS News” kanalının internet səhifəsində bu mövzuda dərc olunmuş yazını ingilis dilindən çevirərək təqdim edir.
Dünya ilyarımdan çoxdur COVİD-19 pandemiyası ilə mübarizə aparır və yeni tədqiqat göstərib ki, virusla mübarizə prosesində okeanlar maska, əlcək və digər qoruyucu vasitələrdən ibarət tullantılarla daha artıq çirklənməyə məruz qalıb.
Tədqiqatın nəticəsi ABŞ-ın aparıcı elmi nəşrlərindən olan “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.
Bildirilir ki, COVİD-19 pandemiyası birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik əşyalara tələbatın artmasına, bu isə okeanların plastiklərlə çirklənməsi məsələsində onsuz da gərgin olan problemin bir az da qəlizləşməsinə gətirib çıxarıb.
Tədqiqatçılar 193 ölkədə pandemiya ilə əlaqəli 8,4 milyon ton plastik tullantının əmələ gəldiyini aşkarlayıblar.
Həmin tullantıların fərdi qoruyucu vasitələr də daxil olmaqla 25 min 900 tonu (57 milyon funt) okeanlara axıdılıb.
Mütəxəssislər bu tullantıların təqribən dörddə üç hissəsinin xəstəxanalardan çıxdığını qeyd edirlər.
Tədqiqatçılar maska və əlcəklərlə bərabər qablaşdırma materiallarının da okenları və okeanlara axan suları çirkləndirdiyini vurğulayırlar. Alimlər bunu qapanma və sosial məsafə tədbirləri səbəbindən insanların çoxunun alış-verişi internetlə həyata keçirməsi ilə izah edirlər.
Mütəxəssislərin hesablamalarına görə, pandemiya başlanandan okeanlara, həmçinin okeanlara qovuşan sulara düşən plastik tullantıların 4,7%-ni məhz qablaşdırma materialları təşkil edir.
Tədqiqata əsasən, pandemiya ilə əlaqəli plastik tullantıların 46%-i Asiya qitəsinin, 22%-i Şimali və Cənubi Amerika qitələrinin, 24%-i Avropa qitəsinin payına düşür.
Mütəxəssislər qeyd edirlər ki, Hindistan, Braziliya və Çin kimi ölkələrdə tibb tullantılarının emalı və təkrar emalı sahəsində vəziyyət çox acınacaqlıdır.
Əvvəlki tədqiqatları və hadisələri nəzərə alan alimlər bildirirlər ki, zibilin artması dənizlərdə ekosistemi ölü vəziyyətə sala bilər. Çünki indiyə qədərki müşahidələr və tədqiqatlar göstərib ki, tullantılar okeanlarda uzun məsafə qət edə, müxtəlif dəniz canlılarına rast gələ, onlara ziyan vura, hətta öldürə bilər.
Ötən dövrlərdə neçə-neçə araşdırma su heyvanlarının plastik əşyalara dolaşması, hətta plastikləri qida kimi yeməsi hallarını təsdiqləyib.
Mart ayında bir tədqiqat qrupu Niderlandda tibb əlcəyinin içində ilişib qalmış balıqlar tapıb. Eyni zamanda qrup quşların su kanallarına atılmış maskalardan yuva qurmaq üçün yararlandığını müşahidə edib.
Alimlər deyirlər ki, pandemiya dövrünün plastik tullantıları okeanların ekoloji durumuna hələ uzun müddət mənfi təsir göstərəcək.
Proqnozlara görə, əsrin sonuna kimi tullantıların 70,5%-i çimərliklərə çıxacaq, 28,8%-i isə dənizlərin dibinə enəcək.
Alimlər o vaxta kimi bir xeyli tullantının okeanlarda nəhəng zibil qalağı – iri çirkli ləkə kimi suyun üzündə dövr edəcəyini deyirlər.
Tədqiqatçılar misal kimi iqlim dəyişikliyinə xüsusilə həssas olan Şimal Buzlu okeanını göstərirlər. Alimlər bu okeanı plastik tullantıların ilişib qaldığı əsas “dalan” sayırlar.
Mütəxəssislər dünya dövlətlərini tibb tullantılarını daha yaxşı idarə etməyə, onların toplanması, emalı və təkrar emalı üçün ekoloji cəhətdən daha təhlükəsiz metodlar seçməyə çağırırlar.
Alimlər bildirirlər ki, əks təqdirdə pandemiyanın sonunadək COVİD-lə əlaqəli 11 milyon ton plastik tullantı əmələ gələcək, bu tullantıların isə 34 min tonu okean sularına düşəcək.
Mənbə: Cbsnews.com