Azərbaycan ərazisinə Rusiya hərbi kontingentinin yeridilməsindən bir il ötür. Noyabrın 10-u Yuxarı Qarabağda bu münasibətlə ucaldılmış abidə açılıb. Bürüncdən tökülmüş abidədə rus əsgər ona gül dəstəsi hədiyyə edən qızcığaza mərhəmət göstərir.
Novator.az-ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı abidənin ucaldılmasına etiraz edib. O yazır: “Rus ordusunun Azərbaycan ərazisində ucaltdığı bu heykəlin bir mənası var – rus əsgər məsum erməni körpəsini “vəhşi ordumuzdan və qaniçən xalqımızdan” xilas edir. Xocalıda 63-ü uşaq, 106-sı qadın olmaqla azı 613 nəfər dinc sakinin qətlə yetirilməsində birbaşa iştirak edən rus ordusunun Qarabağa, həmçinin Xocalıya “sülhməramlı” adı ilə dəvət edilməsinin başqa nəticəsi də ola bilməzdi. Ordumuza və xalqımıza qarşı təhqir olan bu abidə dərhal götürülməli, Rusiya hərbi-siyasi rəhbərliyindən yol verilən əndazəsiz həqarətə görə Azərbaycan xalqından üzr istənməsi tələb edilməlidir”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, ərazidə özünü müstəqil dövlət sayan işğalçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Bu kontingentin bölgədə qalma müddətinin 5 il olduğu açıqlanıb.
Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.