Parlamentə vergi sistemində dəyişikliklər layihəsi daxil olub. Nəzərdə tutulan bir yenilik də yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənən mədən vergisinin dövlət vergilərinə aid edilməsidir.
Novator.az-ın məlumatına görə, təşəbbüsü şərh edən iqtisadçı, yerli özünüidarə məsələləri üzrə ekspert Rövşən Ağayev yazır: “Azərbaycan hökuməti bələdiyyəni varlığı ilə yoxluğu bilinməyən təsisata çevirib. İnkişaflı ölkələrdə ictimai maraqlar sarıdan çox faydalı bələdiyyələrin bizdə urvatsız instituta çevrilməsi toplumun maraqlarına vurulan baltadır.
Türkiyə timsalında bələdiyyələrin toplum üçün nə dərəcədə faydalı olduğuna diqqət yetirək. Aztəminatlı vətəndaşın üz tuta bildiyi, ərazilərin və hər bir sosial qrupun ehtiyaclarının mərkəzi hökumətdən daha yaxşı bilindiyi, siyasi partiyalar və dövlət orqanları üçün təcrübəli kadrların yetişdiyi son dərəcə vacib institutdur bələdiyyələr. İnkişaf etmək istəyən gənclər üçün ümid yeri, karyera mərkəzidir bu qurumlar.
Bizdə nə edirlər? Yeddi-səkkiz il əvvəl fərdi avtomobillərin əmlak vergisi bələdiyyələrdən alındı, indi vergi qanunvericiliyinə təklif olunan dəyişikliklə yerli tikinti materialları üçün mədən vergisi də alınır.
Deyə bilərlər bələdiyyələr onsuz da mədən vergisi yığa bilmir. Olsun, mədən vergisini Dövlət Vergi Xidməti yığsın, amma paylı vergi sistemi yaradılmaqla 75 faizi bələdiyyələrə ötürülsün.
Bu gün vətəndaşlar bələdiyyələrdən heç nə ummur və tələb etmir. Amma səlahiyyəti və maliyyəsi olduğunu görsə, fərqli davranacaq.
Bələdiyyələrin vergiləri əlindən alınır, amma bununla bağlı heç bir məsləhətləşmə və kompensasiya yoxdur. Halbuki Azərbaycanın da qoşulduğu Avropa Yerli Özünüidarə Xartiyasının iki maddəsi bunu tələb edir. 4.6-cı maddə deyir ki, mərkəzi hökumətin bələdiyyələrlə bağlı bütün qərarları üçün onlarla öncədən məsləhətləşmə aparılmalıdır.
7.2-ci maddə deyir ki, bələdiyyələr əldən çıxmış resursa görə kompensasiya almalıdır.
Yeri düşüb, bunu da deyim: hökumət qeyd edir ki, son 10-15 ildə qiymətlər artıb, rüsumların məbləğini qiymət artımına uyğunlaşdırmaq lazımdır, amma bələdiyyələrin kənd təsərrüfatı torpaqlarına görə vergisinin məbləği 21 ildir dəyişmir.
21 ildə məmurların sərəncam verdiyi büdcə 25 dəfə böyüyüb, amma bələdiyyələrə büdcədən verilən dotasiyanın məbləği az qala 10 ildir dəyişmir. Hələ vəsaitin necə gedib çatdığı bir ayrı mövzudur”.
Azərbaycanda bələdiyyə institutu 1999-cu ildən fəaliyyət göstərir. Yerli özünüidarə qurumlarına seçkilər 1999, 2004, 2009, 2014 və 2019-cu illərdə keçirilib.
Hazırda 1606 bələdiyyə var.