“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov noyabrın 5-də vəfat edib.
1956-cı il təvəllüdlü Vidadi Muradov Moskva Kooperativ İnstitutunu bitirib, 1980-ci ildən müxtəlif müəssisələrdə iqtisadçı kimi fəaliyyət göstərib, 1994-cü ildə “Azər-İlmə” Elmi-Tədqiqat və İstehsalat Mərkəzini təsis edib, 2016-cı ilədək “Azər-İlmə” MMC-nin direktoru, 2016-ci il iyunun 10-dan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olub.
Əməkdar incəsənət xadimi fəxri adı, “Şöhrət” ordeni ilə təltif edilib.
Baş Prokurorluğun 9 yanvar 2021-ci il məlumatında onun mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı maddələri ilə həbs edildiyi açıqlanıb. Yanvarın 10-da prezident İlham Əliyev Vidadi Muradovu “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edib.
Onkoloji xəstəlikdən əziyyət çəkən Vidadi Muradov bir neçə gün əvvəl həbsdən buraxılmışdı.