Rusiyanın “Dojd” telekanalında “Navalnıya qarşı işgəncələr: siyasətçi kimlərlə əhatə olunub, onu necə gözdən salır və sındırırlar?” başlıqlı reportaj yayılıb.
Konstantin Qoldensvayqın hazırladığı reportajda məhbus siyasətçi Aleksey Navalnı ilə eyni həbsxanada cəza çəkmiş keçmiş məhbuslar Nəriman Osmanov və Yevgeni Burakın açıqlamaları yer alıb.
Aleksey Navalnı 2021-ci il yanvarın 17-də Almaniyadan müalicədən qayıdarkən Moskvada tutulub. Yanvarın 18-də Ximki Şəhər Məhkəməsi sınaq müddəti qaydalarını pozma ittihamı ilə onun barəsində 30 sutka həbs qətimkan tədbiri seçib. Fevralın 2-də isə Moskvanın Simonov Rayon Məhkəməsi eyni ittihamla Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Hökm Cəzaların İcrası üzrə Federal Xidmətin iddiası əsasında çıxarılıb. Fevralın 20-də Moskva Şəhər Məhkəməsi həbs müddətini 2 il 6 ay iki həftəyə endirib.
Hazırda Navalnı ona təyin olunmuş cəzanı Moskva ətrafında yerləşən 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.
Novator.az-ın məlumatına görə, “Dojd” telekanalına açıqlamasında keçmiş məhbus, azərbaycanlı olan Nəriman Osmanov deyib ki, 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində Navalnı ilə eyni otryadda cəza çəkən bütün məhbuslara siyasətçi ilə ünsiyyət saxlamamaq tapşırığı verilib: “Navalnı tam təcrid olunub. Təbii ki, buna görə biz də əziyyət çəkirdik”.
Nəriman Osmanovun sözlərinə görə, həbsxanada Navalnını məhbusların gözündən salmaq üçün film nümyiş etdiriblər: “Filmdə Navalnının qeyri-ənənəvi oriyentasiyalı adam olduğu aşılanırdı. Belə moizələri bütün həbsxana boyu yayırdılar”.
Nəriman Osmanovun bu barədə dediklərini “Dojd” telekanalına müsahibəsində digər keçmiş məhbus Yevgeni Burak da təsdiqləyib.
Martın 31-də Aleksey Navalnı müstəqil həkimlərlə təmin edilməsi tələbi ilə həbsxanada aclığa başlayıb. Ayaqlarındakı və belindəki ağrılardan əziyyət çəkən siyasətçi keyfiyyətli müalicə ilə təmin olunmamasına etiraz edib.
Aprelin 19-da Navalnı 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsindən məhbuslar üçün nəzərdə tutulmuş stasionar xəstəxanaya köçürülüb. Dörd gün sonra o, aclığı dayandırıb.
Nəriman Osmanovun sözlərinə görə, aclıq etdiyi zaman Navalnının yanına guya vərəm xəstəsi olan bir məhbus yerləşdiriblər. Ancaq onun rola girdiyini hamı bilirmiş.
Həmçinin Navalnının aclıq elədiyi günlərin birində səhər-səhər həbsxananın təsərrüfat işlərinə cavabdeh şəxslər yarım torba kolbasa gətirərək tavada qızartmağa başlayıblar ki, otağa iy yayılsın və siyasətçinin hövsələsi daralsın.
Telekanala açıqlamasında Nəriman Osmanov onu da deyib ki, stasionar müalicədən qayıdandan sonrakı ilk üç gündə Navalnını yatmağa qoymayıblar. Onunla yanaşı çarpayıya həbsxana iyerarxiyasında ən aşağı təbəqədən sayılan bir məhbus yerləşdiriblər. Həmin məhbus çürbəcür səslər çıxarırmış və onun bütün bunları həbsxana rəhbərliyinin göstərişi ilə etdiyini hamı başa düşürmüş.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib. Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib. 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzalarına məhkum edilib.
Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
2021-ci il yanvarın 17-də Almaniyadan vətənə dönən Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub.
Həbsindən sonra Rusiyada Navalnının başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondu ekstremist fəaliyyətlə və ya terrorla məşğul olan təşkilatlar siyahısına daxil edilib, fondun fəaliyyəti rəsmən dayandırılıb.
Sentyabrda Rusiya İstintaq Komitəsi Aleksey Navalnıya Cinayət Məcəlləsinin 282.1-ci (ekstremist icmanın yaradılması və ona rəhbərlik) maddəsi ilə yeni cinayət işi açıb. Hazırda Navalnı 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində “terrorizmə və ekstremizmə meylli” kimi uçotdadır.