İqtisadçı, AXCP funksioneri Nemət Əliyev Azərbaycandakı qiymət artımlarını ölkənin gəlirlərinin azalması ilə əsaslandırmağa qarşı çıxıb. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 2021-ci ildə ixrac və idxal mallarının bahalaşmasından 9 milyard manat xalis gəlir götürülüb: “Yanvar-sentyabr aylarında Azərbaycan 14,6 milyard dollarlıq mal ixracı həyata keçirib. Rəsmi bahalaşma faizi 41,9-dur. Deməli, Azərbaycanın ixrac etdiyi malların bahalaşmasından 4,3 milyard dollar xalis gəlir götürülüb. Bu gəlirin 4 faizi və ya 172 milyon dolları qeyri-neft mallarının hesabınadır. Qalan 96 faiz neft-qaz sektoruna aid malların bahalaşmasından əmələ gəlib. Ölkə daxilində topdansatış qiymətlərlə maya dəyəri göstəricisi arasındakı fərqdən yaranan mənfəət bura daxil deyil. Doqquz aylıq bahalaşmadan götürülən gəlirlər 2020-ci ilin ixracı üzrə yaranmış bütün itkilərin demək olar hamısını kompensasiya edib. 2020-ci ildə Azərbaycanın ixrac gəlirləri 4,3 milyard dollar azalmışdı.
İdxal mallarının bahalaşmasından da Azərbaycan böyük gəlirlər əldə edib. Dövlət Statistika və Dövlət Gömrük komitələrinin hesabatlarına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında 8,3 milyard dollar həcmində mal idxalı həyata keçirilib və bu mallar 21,7 faiz bahalaşıb. Bahalaşma məbləği 1,5 milyard dollardır. Azərbaycanın mal aldığı ölkələrdə 5-6 faiz bahalaşma olduğunu nəzərə alıb hesablasaq, 1,5 milyarddan 1 milyardın Azərbaycana qaldığı görünər.
Doqquz aylıq xarici ticarətdən yalnız bahalaşma yolu ilə üst-üstə 5,3 milyard dollar və ya 9 milyard manat xalis gəlir götürülüb. Ölkə daxilindəki sosial və iqtisadi zərərləri qarşılamaq üçün çox iri maliyyə mənbəyidir. Odur ki, hazırkı sürətli bahalaşmanı gəlirlərin azalması ilə izah etmək absurddur”.