Prezident İlham Əliyev noyabrın 4-ü Qlobal Bakı Forumunda çıxış edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub: “Azərbaycan özü münaqişəni həll etdi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Təəssüflər olsun ki, həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı.
Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ müharibəsi 44 gün çəkdi və Ermənistan ordusunun tam məğlubiyyəti ilə bitdi. Ermənistan bizim şərtlərimizi qəbul etməyə məcbur edildi. Müharibənin ilk günlərində deyirdim ki, Ermənistanın baş naziri mənə işğal olunmuş ərazilərdən çıxmaq tarixlərini verəndən sonra biz dayanmağa hazırıq. Ermənistan rəhbərliyinə təxminən 7000 qurban və 44 gün lazım gəldi ki, özünün tam acınacaqlı vəziyyətdə olduğunu başa düşsün. Noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzaladı və müharibə bitdi. Biz öz sözümüzü yerinə yetirdik. İşğal olunmuş qalan ərazilərdən çıxmaq cədvəli verildikdə müharibə dayandı.
Azad edilmiş ərazilərdə tam dağıntılar baş verib, bir dənə olsun bina salamat qalmayıb. İşğal illəri ərzində onlar bütün tarixi abidələri, 67 məsciddən 65-ni dağıdıblar. Evləri, həyətləri, ictimai binaları və sair tikililəri yerlə-yeksan ediblər. Bu, barbarlığın sübutudur. Hazırda biz azad edilmiş əraziləri fəal şəkildə bərpa edirik. Genişmiqyaslı bərpa proqramına başlanılıb. Əminəm ki, qısa müddət ərzində biz Ermənistanın işğalından əziyyət çəkmiş məcburi köçkünləri, bir milyondan çox insanı həmin yerlərə qaytara biləcəyik.
Müharibə və onun nəticələri onu göstərdi ki, gec və ya tez ədalət zəfər çalır. Siz öz məqsədinizə sadiq olmalısınız, yaxşı hazırlaşmalısınız, beynəlxalq hüquq çərçivəsinə malik olmalısınız və insanların yüksək səviyyədə iradəli olmasına nail olmalısınız. Bütün həmin meyarlar, o cümlədən hərbi imkanlarımız münaqişənin həllində əsas amil oldu.
Hazırda münaqişə bitib və qeyd etdiyim kimi, yenidənqurma başlayıb. İndi biz postmünaqişə vəziyyətindəyik və biz Ermənistana bir sıra təkliflər etmişik ki, sülh müqaviləsi üzərində işləməyə başlayaq, çünki biz müharibə deyil, sülh, gələcək haqqında danışmaq istəyirik.
Əfsuslar olsun ki, bu təklifə hələ də cavab verilməyib. Eyni zamanda biz hər iki ölkənin ərazi bütövlüyünü tanımaqla dövlət sərhədlərimizin delimitasiyası və demarkasiyası üzərində işə başlamağı təklif etdik. Bu təklifə də hələ baxılmayıb.
Təxminən 30 illik işğalın əziyyətlərinə, azad edilmiş ərazilərdə vandalizm və barbarlığa baxmayaraq Azərbaycan maksimal konstruktivlik nümayiş etdirir. Biz gələcəyə nəzər salmalıyıq. Biz regionun təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olmasını təmin etməliyik. Hər şey Ermənistanın mövqeyindən asılı olacaq, çünki bizim mövqeyimiz tam aydındır. Biz hazırıq, sülh danışıqlarına başlamağa, sülh razılaşması üzərində çalışmağa, səhifəni çevirməyə və sərhədin delimitasiyasına hazırıq”.
“COVİD-19-dan sonrakı dünya” mövzulu Qlobal Bakı Forumu noyabrın 4-də başlayıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən, noyabrın 6-dək çəkəcək forumda 40-dan çox ölkədən ali nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər.