Kommersiya məqsədilə istifadə olunan peyklərdən çəkilmiş görüntülər Rusiyanın yenidən Ukrayna ilə sərhədə qoşun və hərbi texnika yığdığını təsdiqləyir. Novator.az-ın məlumatına görə, bununla bağlı ABŞ-ın “The Politico” qəzetində yazı dərc olunub.
Yazıda deyilir ki, peyk görüntüləri “Politico” qəzetinin redaksiyasına “Maxar Technologies” şirkətindən təqdim edilib: “Şəkillərdə tanklar, özüyeriyən artilleriya qurğuları və əsgəri qüvvə əks olunur. Rusiyanın Belarus sərhədi yaxınlığındakı hərbi hissələrindən ordu bölmələrinin hərəkətə keçdiyi görünür”.
“The Politico”nun yazısında Böyük Britanyanın hərbi sahə üzrə ixtisaslaşmış “Janes” nəşrinin təhlilinə də istinad edilir. Həmin təhlildə Rusiyanın 4-cü tank diviziyasının hərbi texnikasını Bryansk və Kursk şəhərləri istiqamətində topladığı bildirilir. Bu isə Ukraynanın şimal sərhədləri yaxınlığında mövqe tutmaq deməkdir. Təhlilə görə, Bryansk və Kursk istiqamətindəki qoşun bölmələri T-80U döyüş tankları və özüyeriyən artilleriya ilə təchiz olunub. Eyni ərazidə 1-ci tank qvardiya ordusunun elementlərinin müşahidə edildiyi də vurğulanır.
“The Politico” yazır ki, müşahidə olunan dəyişikliklər 1-ci tank qavardiya ordusuna xas ənənəvi hərbi təlimlərin nəticəsinə bənzəmir. Çünki 1-ci tank qavardiya ordusu bir qayda olaraq təlimlərini paytaxt Moskva ətrafında keçirir.
Qəzet qeyd edir ki, son aylar Rusiya ilə Qərb arasında münasibətlər yenidən gərginləşib və buna səbəb Ukrayna ilə Gürcüstanın NATO-ya üzv qəbul edilməsi istiqamətində aparılan danışıqların intensivləşməsidir.
Rusiyanın Ukrayna sərhədi yaxınlığına yenidən hərbi qüvvə yığması xəbəri ilk dəfə ötən həftə “Vashinqton Post” qəzetində dərc olunub. Xəbərdə peyk görüntülərindən söz açılsa da, hər hansı foto təqdim edilməyib. Sonra “Reuters” agentliyi Ukrayna Müdafiə Nazirliyinə istinadla belə bir məlumat yayıb ki, sərhəddə rus həbçilərinin, hərbi texnikasının sayının artırılması hadisəsi qeydə alınmayıb.
Lakin hazırda “The Politico” qəzetində dərc olunan peyk görüntüləri Ukrayna Müdafiə Nazirliyinin yox, “Vashinqton Post”un məlumatını təsdiqləyir.
“The Politico” yazır ki, bu vəziyyət istər Kiyevi, istərsə də Vaşinqtonu narahat edir: “Rusiya həmçinin NATO ilə diplomatik münaqişə vəziyyətindədir. Ötən ay NATO ölkələrinin müdafiə nazirlərinin görüşü oldu. Belə görüş hər il keçirilir. Ancaq oktyabrdakı görüşdən bir həftə öncə alyans səkkiz rusiyalı diplomatı casusluqda ittiham edərək qovdu. Moskva isə buna cavab olaraq NATO-dakı nümayəndəliyini bağladı”.
“The Politico” məsələ ilə bağlı bu həftə Vaşinqtona səfər edən Avropa Parlamentinin təhlükəsizlik və müdafiə alt komitəsinin rəhbəri Natali Luazonun fikirlərini də dərc edib. Avropalı deputat deyib: “Rusiya müxtəlif üsullarla bizim qonşularımızın işlərinə qarışır. Biz bundan çox narahatıq. Avropalılar Rusiya təhdidini həmişə öz qitələrinə yönəlmiş təhlükə kimi qəbul edirlər”.
Xatırladaq ki, 2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib. Qərb bu ilhaqı tanımayıb və cavab olaraq Rusiyaya sanksiyalar tətbiq edib.
2021-ci ilin yazında Rusiya Ukrayna ilə sərhədə xeyli qoşun və hərbi texnika yığıb, müharbə təhlükəsi baş qaldırıb. Lakin az sonra Rusiya qoşun bölmələrini və texnikanı geri çəkib.
Mənbə: Politico.com