Rusiya prezidenti Vladimir Putin ölkənin müdafiə sahəsinə cavabdeh şəxslərə pilotsuz uçuş aparatları (PUA) arsenalını inkişaf etdirməyi tapşırıb.
Noyabrın 2-də Müdafiə Nazirliyinin və müdafiə sənayesi komplekslərinin rəhbərləri ilə görüşündə Vladimir Putin hazırda Rusiya hərbçilərinin sərəncamında 2 min ədəd dronun olduğunu deyib. Prezident vurğulayıb ki, dronlar üzərində əlavə iş aparmaq, onları xüsusilə süni intellekt vasitəsilə təkmilləşdirmək lazımdır.
Son dövrlərin silahlı münaqişələrinin PUA-ların böyük effektini sübuta yetirdiyini deyən Putin eyni zamanda qeyd edib ki, dronlardan terrorçular da istifadə edir. Rusiyanın Suriyada bu sayaq terror hücumları ilə qarşılaşdığını söyləyən Putin bildirib: “Biz belə hücumları dəf etməyi öyrənmişik və bu işi uğurla həyata keçirə bilirik”.
Novator.az-ın məlumatına görə, mövzunu işıqlandıran Rusiyanın ingilisdilli “The Moscow Times” qəzeti yazır ki, Putin iyirmi ildən çoxdur davam edən hakimiyyəti ərzində hərbi gücü artırmağı əsas hədəfə çevirib və bu dövrdə ölkədə PUA istehsalına da xüsusi önəm verilib.
Rusiyanın 2021-ci ilin əvvəlində təqdim etdiyi görünməz qırıcı təyyarəsi (“Suxoy”) dronları daşıya və buraxa bilir. Rusiya həmçinin səsdən beş dəfə sürətlə uçan və havada manevrlər edən hipersəs raketlər hazırlayıb. Məhz bu keyfiyyətləri – səsdən sürətli olması, göydə manevr etmək qabiliyyəti həmin reketləri izləməyi və zərərsizləşdirməyi çətinləşdirir.
“The Moscow Times” yazır ki, İsrail və Türkiyə bəzi keçmiş sovet respublikalarına, o cümlədən Azərbaycana PUA-lar satıb və həmin dronlar ötən il Qarabağda 44 günlük müharibədə Azərbaycanın Ermənistan üzərində qələbə çalmasında önəmli rol oynayıb.
Ötən ay isə Ukrayna Türkiyə istehsalı olan “Bayraktar-TB2” dronları ilə öz ərazisində separatçılara hücum edib. Həmin separatçıları Rusiya dəstəkləyir, ona görə də Ukraynanın hücumu Moskvanın ciddi narahatlığına səbəb olub.
Mənbə: Themoscowtimes.com