“Məqam” İctimai Birliyinin təşəbbüsü ilə Xocalı faciəsinin dəhşətlərini əks etdirən filmin çəkilişlərinə başlanıb.
Bu barədə filmin ssenari müəllifi və rejissoru Ümid Amin məlumat verib.
Rejissor bildirib ki, sənədli-bədii filmdə erməni şovinisti, özünü yazıçı adlandırmasına baxmayaraq, murdar qəlbinə humanizm duyğularının heç vaxt yol tapmadığı, əksinə, qəddarlığın kök saldığı, əli və qələmi minlərlə günahsız insanın qanına batan qatı cinayətkar Zori Balayanın Birinci Qarabağ müharibəsində millətimizə – qadınlara, qocalara, körpələrə tutduğu divanlar, etdiyi şərəfsizliklər əks olunacaq.
Erməni quldurları tərəfindən əsir alınmış qadın və qızlarımızın işgəncələrə məruz qalması, zorlanması, körpələrin diri-diri yandırılması və digər tükürpədici faktlar öz əksini tapacaq: “Uzaq-yaxın keçmişimizdən, zaman-zaman rastlaşdığımız ikili standartlardan, düşmənin bizə qarşı amansız, qeyri-insani, beynəlxalq konvensiyalara zidd plan və əməllərindən, igid Vətən övladlarının bütün bunlara qəhrəman müqavimətindən bəhs edən belə ekran əsərlərini ərsəyə gətirmək bir vətəndaş olaraq borcumuzdur. Qoy bütün dünya görsün ki, Azərbaycan xalqının başına necə, hansı müsibətlər gətirilib?!
Erməni saxtakarlarının mövcud olmayan tarixlərini şişirtmək cəhdlərinə, “əzabkeş keçmişləri” barədə uydurmalarına, digər xalqlara yönəlmiş böhtanlara isə son qoymaq lazımdır.
Film üç dildə – Azərbaycan, rus və ingilis dillərində olacaq. Çünki təbliğat, eləcə də gerçək faktların aşkarlanıb dünya ictimaiyyətinə təqdimatı daha geniş arealda, sənədli şəkildə həyata keçirilməlidir.
Filmdə oğurlanmış, yalandan erməni adına çıxarılmış musiqimiz, etnoqrafiyamız, mətbəximiz və digər məsələlərə də yer veriləcək”.
Ümid Amin həqiqətlərin gələcək nəsillərə çatdırılması, onların daim Azərbaycan tarixini, mədəniyyətini, ədəbiyyatını öyrənmələri, bilmələri üçün sözügedən filmin böyük təkan verəcəyinə əminliyini ifadə edib: “Təəssüf ki, cəmiyyət, xüsusən də gənclərin beyni, mənəvi dünyası keyfiyyətsiz veriliş və filmlərlə zəhərlənir.
Kino, televiziya insanlar üçün bir güzgüdür.
2020-ci ilin Vətən müharibəsində cənab prezident, ali baş komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, Azərbaycan Ordusunun, şəhidlərimizin, qazilərimizin rəşadəti, canı, qanı bahasına bir daha bütün dünyaya sübut olundu ki, istənilən halda ərazilərimizi işğaldan azad etmək gücündəyik.
Film haqqında çox şey demək olar, inşallah tez bir zamanda layihə ərsəyə gələcək.
Əlbəttə, hər şeyin öz vaxtı, məqamı var, həqiqət gec-tez yerini tapacaq.
Gün gələcək Ermənistanın başıpozuq, cinayətkar rəhbərləri müxtəlif illərdə xalqımızın başına gətirdikləri soyqırımılarına görə məhkəmə, qanun qarşısında cavab verməli olacaqlar.
Ölkəmizin vətəndaşları, xüsusilə də gənc nəsil erməni faşistlərinin, şovinistlərinin tarix boyu törətdikləri cinayətləri, vəhşilikləri, vandalizmi heç vaxt yaddan çıxarmamalı, tarixi unutmamalıdırlar”.
Rejissor-ssenarist daşnak uydurmalarına əsaslanan filmlərin ən nüfuzlu beynəlxalq festivallara ayaq açmasından da narahatlığını vurğulayıb: “Emənilərin tarix boyu istər Türkiyə, istərsə də Azərbaycanda törətdikləri soyqırımıları, vəhşiliklər “dənizdən-dənizə böyük Ermənistan” xülyası, fantaziyasından qaynaqlanıb. Və uydurduqları yalanlar, iftiralar havadarlarının köməkliyi ilə əvvəllər ayaq tutub yerisə də, bu gün prezident İlham Əliyevin apardığı güclü xarici siyasət nəticəsində artıq dünyanın heç bir ölkəsində belə illüziyalara inanmaq istəmirlər. Lakin təəssüflər olsun ki, “timsahın göz yaşları”na bilərəkdən göz yumanlar da tapılır.
Kino dünya dövlətlərinin ixtiyarında təsiredici gücə malik təbliğat maşını olub və heç vaxt təsir gücünü itirməyib. Sovet dövründə ermənilərə təbliğat maşınından istifadə üçün əlverişli imkan yaradılmışdı. Məsələn, erməni kino işçiləri 1960-90-cı illərdə, yəni sovet ideologiyasının hakim olduğu dövrdə dövlətin vəsaiti ilə saxta “erməni soyqırımı” haqqında 9 bədii, 1 animasiya, 1 bədii-sənədli və 1977-95-ci illərdə onlarla sənədli film istehsal ediblər. Həmin təbliğat maşını Ermənistanda bu gün də dayanmadan işləyir. Xüsusilə 1988-ci ildən sonra ermənilər Qarabağın guya onların dədə-baba yurdları olması barədə xeyli yalançı film çəkiblər”.
Rejissor Ümid Amin qeyd edib ki, Azərbaycanda da Qarabağ mövzusunda çoxlu film istehsal olunub. Lakin onların əksəriyyəti beynəlxalq festivallara çıxış əldə edə bilməyib: “Məsələn, Qarabağ mövzusunda ”Fəryad”, “Haray”, “Ümid”, “Hər şey yaxşılığa doğru”, “Nabat”, “Girov”, “Sarı gəlin”, “Biz qayıdacağıq”, “Arxada qalmış gələcək”, “Dolu”, “Qala” və sair filmlərimiz var. Lakin “Hər şey yaxşılığa doğru” və “Nabat” filmlərindən başqa digərləri beynəlxalq kinofestivallara gedib çıxa bilməyib. Ola bilsin ki, festivala çıxıb, lakin nəticəsi olmayıb.
Bu il ermənilər xarici ölkələrlə müştərək hazırladıqları və utanıb çəkinmədən Qarabağ məsələsində Azərbaycanı həyasızcasına suçladıqları bir neçə irihəcmli bədii filmi Kann kinofestivalına çıxara bildilər. İnformasiya müharibəsində geriliyə son qoymaq gərəkdir.
Azərbaycan həqiqətlərini əbədiləşdirən filmlərin istehsalı və ən nüfuzlu beynəlxalq festivallarda təmsil olunması üçün çalışmalıyıq”.
Qurban Məmmədli