ABŞ-ın “Forbes” jurnalında “ABŞ Hərbi Hava Qüvvələrinin bombardmançı təyyarələri özünün yeni missiyasını – Rusiya gəmilərini batırmağı sınaqdan keçirir” başlıqlı məqalə çap olunub. Məqalənin müəllifi “Forbes”in əməkdaşı Devid Əksdir. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olan, istehsalına qırx il əvvəl başlanmış B-1 bombardmançı döyüş təyyarələri artıq öz ömrünü başa vurub.
İraq və Əfqanıstan üzərində həyata keçirilən hava əməliyyatları zamanı hədsiz dərəcədə istismar olunan B-1-lər hazırda arsenaldan çıxarılma növbəsini gözləyir. Növbəti onillikdə onlar yeni B-21 görünməz bombardmançı təyyarələrlə əvəz olunacaq.
Son istismar müddətində B-1-lərin hansı funksiyanı yerinə yetirəcəyi də artıq bəllidir. Bu təyyarələr gəmi əleyhinə görünməz raketlərin daşınmasında iştirak edəcək.
Axır zamanlarda Qara dəniz üzərində keçirilən genişmiqyaslı təlimlər qanadları fırlanan bombardmançı təyyarələrin yeni rolunu üzə çıxarıb.
Bu il oktyabrın əvvəllərində dörd ədəd B-1 təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinin Texasdakı bazasından Britaniya Hərbi Hava Qüvvələrinin Ferford şəhərindəki bazasına yerləşdirilib. Oktyabrın 19-u səhərə yaxın onlardan ikisi 12 saatlıq uçuşa yollanıb.
Daxilində hədəfaşkarlama qayıqları olan “Dark 01” və “Dark 02” kodlu təyyarələr Şimal dənizi üzərindən Şərqə uçublar. Təyyarələr uçuş zamanı Mildenholl Kral Hərbi Hava Qüvvələrinin bazasından havaya qalxan KS-135 hərbi nəqliyyat təyyarəsinin köməyilə ehtiyat yanacaqla təmin olunduqdan sonra cənuba, Qara dəniz bölgəsinə üz tutublar.
Bu təyyarələrin imkanlarından Polşa və Rumıniyanın Hərbi Hava Qüvvələri, eləcə də Kanada Hərbi Hava Qüvvələrinin Rumıniyadakı kontingenti də yararlanıb. Hər üç ölkə B-1 qırıcısını müşayiətedici təyyarə qismində göndərib.
Məsələ burasındadır ki, mümkün bir münaqişə zamanı Rusiya qırıcılarından müdafiə məqsədilə görünməz bombardmançı təyyarələrin müşayiət olunmasına ehtiyac yarana bilər.
Rusiya 2014-cü ildə Krıma soxulandan sonra Qara dəniz daha təhlükəli bir məkan olub. O vaxtdan bu yarımada NATO-nun Cənub-Şərq cinahında əsl qalaya çevrilib.
Kreml Krıma gəmilər, qırıcılar və raketlər göndərib. NATO-ya məxsus gəmilər, kəşfiyyat təyyarələri beynəlxalq sularda və hava məkanında hərəkət edərək baş verənləri izləyir. Hərbi vəziyyət yaranarsa, Qara dəniz əsl atəş meydanına çevrilər, B-1 təyyarələri isə həmin əməliyyatlarda ən sərrast atıcı ola bilər.
1980-ci illərin əvvəllərində ABŞ Hərbi Hava Qüvvələrinin arsenalına 100 ədəd B-1 təyyarəsi daxil olanda onlar ciddi nüvə silahı kimi qiymətləndirilmişdi. 1990-cı illərin başlanğıcında ABŞ Hərbi Hava Qüvvələri bu təyyarələri qeyri-nüvə kateqoriyasına keçirdi.
2000-ci illərdə B-1 təyyarələrinin bazasında mütəmadi ixtisarlar aparıldı. 2001-ci ildə ABŞ və müttəfiqləri Əfqanıstana, iki il sonra isə İraqa hücum çəkəndə Amerika ordusunun cəmi 60-a yaxın B-1 təyyarəsi vardı.
On ildən çox müddətdə B-1 təyyarələri boş səhralar üzərində yavaş-yavaş və yüksəkdən uçuşlar həyata keçirməklə qiyamçıların və silahlı dəstələrin yerləşdiyi nöqtələrə bombalar yağdırıb.
Sıx qarfikli əməliyyatlar B-1-ləri tükətdi. Köhnəlmiş bombardmançı texnikanın təmiri isə orduya baha başa gəlməyə başladı.
2020-ci ildə ABŞ Hərbi Hava Qüvvələri yararsız hala düşmüş 17 ədəd təyyarənin hərbi texnikalar siyahısından silinməsi üçün Konqresə müraciət etdi. Müraciətdə 2020-ci illərin sonları, 2030-cu illərin əvvəllərinə qədər, yəni B-1 təyyarələri B-21 təyyarələri ilə əvəz olunana qədər onlardan yararlı halda olan 45 ədədini saxlamaq xahiş olunurdu.
Artıq B-1 təyyarələrinin fəaliyyət sferası da dəyişib. Səhralar və dağlar üzərində 20 illik uçuşlardan sonra B-1 eskadrilyaları suda hərəkət etməyə başlayıb. 8 min kilometr hündürlükdə uça bilən və 25 ton yük daşımaq gücündə olan bombardmançı təyyarə dəniz əməliyyatları üçün ideal vasitəyə çevrilib.
2017-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri arasında ilk dəfə olaraq məhz B-1-lər 480 kilometrə qədər uçan, gözəgörünməz, yüksək texnologiyalı, çoxrejimli özüidarəolunan başlığa malik LRASM raketi ilə təchiz edildi. Bir ədəd B-1 təyarrəsi 3 milyon dollara başa gələn belə raketdən 24-nü daşıya bilir.
Bir cüt B-1 Rusiyanın Baltik Donanması boyunca 48 LRASM raketi buraxa bilər. Bu, bütün donanmanı bir anda batırmağa, eləcə də ABŞ və onun regiondakı müttəfiqlərinin gəmilərinə yönəlmiş əsas təhlükəni aradan qaldırmağa kifayət edər.
Almaniyada 603-cü Hava Əməliyyatları Mərkəzinin planlaşdırıcısı, polkovnik-leytenant Timoti Albrext ötən il B-1 təyyarələrinin keçmiş missiyası haqda danışarkən ABŞ-ın dənizə çıxışında LRASM raketlərinin mühüm rol oynadığını bildirib.
B-1 təyyarəsi müntəzəm olaraq LRASM raketləri üzrə sınaqlar keçirir. Oktyabrın 19-da hərbi uçuş zamanı iki bombardmançı təyyarə Qara dəniz üzərində beynəlxalq hava məkanından keçib. Türkiyəyə məxsus ən azı bir KC-135 təyyarəsi yanacaq doldurmaq üçün havaya qalxdıqdan sonra isə həmin bombardmançılar Ferforda geri dönüblər.
Məhz o zaman Krımdan Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus bir cüt Su-30 qırıcısı müdaxilə məqsədilə havaya qalxıb. Qırıcılar yan-yana ucublar, bombardımaçı təyyarələr isə yanacaq çənlərini doldurublar. Kremldən “Rusiya Federasiyasının dövlət sərhədinin pozulması qəbuledilməzdir” açıqlaması gəlib. ABŞ isə məsələyə aydınlıq gətirir: B-1 təyyarəsinin uçuş heyəti Rusiyanın hava məkanını pozmağa belə cəhd etməyib.
Müharibə şəraitində isə belə hərəkətlərə heç ehtiyac da qalmayacaq. B-1 təyyarəsi uzaqvuran LRASM-ın köməyi ilə NATO-nun hava məkanından Qara dənizin istənilən nöqtəsində Rusiya gəmilərini atəşə tuta biləcək.
Devid Əks
Mənbə: Forbes.com