Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, məhbus Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov məmur özbaşınalığından şikayətlənir. Taleh Rüstəmov oktyabrın 28-də “Turan”a deyib ki, Gədəbəydə 1957-ci ildə tikilmiş ata mülkünü və 17 faiz payları olan obyekti əllərindən almaq istəyirlər.
Saleh Rüstəmov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı çalışıb.
1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.
2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.
AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.
2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.
2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2019-cu il hökmündə Saleh Rüstəmovun qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunması da yer alıb.
Müsadirə olunan əmlakların bir qismi paytaxt Bakıdadır. Yasamal rayonunda 2, Xətai rayonunda 1 mənzil müsadirə olunub.
Gədəbəy şəhərində Saleh Rüstəmovun qardaşının həyat yoldaşı Rəsmiyyə Rüstəmovanın adına olan ikimərtəbəli qeyri-yaşayış sahəsinin; Saleh Rüstəmovun qardaşı Valeh Rüstəmovun adına 0,5 hektar torpaq sahəsi və üzərində qeyri-yaşayış sahəsinin; Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmova məxsus fərdi yaşayış evinin; 70 kvadratmetrlik qeyri-yaşayış sahəsinin; fərdi yaşayış evinin; 0,6 hektar torpaq sahəsinin; 0,5 hektar torpaq sahəsinin; 0,2454 hektar həyətyanı torpaq sahəsinin müsadirə olunduğu bildirilir.
Müsadirə olunan digər əmlaklar bunlardır: Saleh Rüstəmovun bacısı Yeganə Rüstəmovanın adına Abşeron rayonunun Novxanı kəndində 0,1 hektar, Qobu qəsəbəsində 0,08 hektar torpaq sahələri; Gədəbəy-Novosaratovka şosesinin kənarında 0,5 hektar torpaq sahəsi; Saleh Rüstəmovun qardaşının həyat yoldaşı Rüxsarə Rüstəmovanın adına Gədəbəy rayonunun Qumlu massivində 0,1 hektar torpaq sahəsi.
Saleh Rüstəmov Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
2021-ci il oktyabrın 28-də “Turan”a danışan Taleh Rüstəmov deyib ki, məhkəmə icraçıları oktyabrın 27-dən təzyiqləri gücləndirib: “Onların məqsədi evi və obyekti dəyərindən dəfələrlə aşağı qiymətəndirib öz əllərinə keçirməkdir. Evdə üç ailə yaşayır, bununla belə evin tam boşaldılmasını tələb edirlər.
3 milyon manat qiyməti olan obyekti 300-500 min manat həddində dəyərləndirib mənimsəmək istəyirlər. Biz qiymətləndirmə üçün məhkəməyə müraciət etmişik. İşə Nərimanov Rayon Məhkəməsində baxılmalıdır”.
Vəkil Bəhruz Bayramov “Turan”a deyib ki, obyekt və evin qiymətləndirilməsindən şikayət verildiyi üçün müsadirə üzrə icra dayandırılmalıdır.