AXCP üzvü Mütəllim Orucov tutulub. “Turan”ın məlumatına görə, 2021-ci il iyunun 1-də Almaniyadan deportasiya olunan cəbhəçi oktyabrın 22-də yoxa çıxıb. Oktyabrın 27-də vəkil Nemət Kərimli Mütəllim Orucovun həbs edildiyini öyrənib. Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında 4 ay müddətinə həbsə alınan fəala satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlama ittihamı verilib. Bu ittiham 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
AXCP sədri Əli Kərimli özünün “Facebook” səhifəsində yazır ki, Mütəllim Orucov Quba rayonunda polisə çağırılandan sonra yoxa çıxıb: “Ondan heç cür xəbər tutmaq mümkün olmurdu. Yalnız 4 gün sonra bilinib ki, adamı şərləməyi başa çatdırıblar, haqqında 4 aylıq həbs qətimkan tədbiri də seçilib. Mütəllim Orucov bir neçə il idi ki, Almaniyada yaşayırdı. Almaniyada Azərbaycandakı siyasi məhbusların müdafiəsinə həsr olunmuş etiraz aksiyalarında fəal iştirak edib. Hökumət də Mütəllim bəydən həmin fəallığın qisasını alır. Mütəllim bəy bu ilin iyun ayında Almaniyadan deportasiya olunub. Rejimin əlinə fürsət düşüb ki, qisas alsın. Onu utanmadan, nümayişkaranə şəkildə şərləyiblər”.
Novator.az bildirir ki, hazırda daha beş cəbhəçi həbsdədir.
2018-ci il mayın 25-də tutulan Aqil Məhərrəmov xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırmasında təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum olunub.
2019-cu il oktyabrın 15-də tutulan Paşa Umudov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəbhəçi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib.
2020-ci il aprelin 16-sı tutularaq 30 sutka inzibati həbsə məhkum edilən, sonra cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilən Niyaməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edilib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıqda təqsirli bilinib.
2020-ci il aprelin 20-də Zamin Salayev böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
2021-ci il avqustun 11-də tutulan Aqil Hümmətova ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı irəli sürülüb. Bu ittiham 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.