Bakı Hərbi Məhkəməsində general-leytenant Rövşən Əkbərovun mühakiməsi başa çatıb. Oktyabrın 27-də keçirilən məhkəmə iclasında Rövşən Əkbərov adam öldürmədə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. O, zərərçəkmişin hüquqi varisinə 40 min 10 manat təzminat da ödəməlidir.
1965-ci il təvəllüdlü Rövşən Əkbərov Əfqanıstan və Qarabağ müharibələrinin veteranıdır. 2021-ci il fevralın 8-də onun ehtiyata buraxıldığı xəbər verilib. Ehtiyata buraxılana qədər Rövşən Əkbərov Azərbaycan Ordusunun birlik komandiri idi.
14 dekabr 1993-cü il və 4 aprel 1995-ci ildə “Azərbaycan Bayrağı” ordeni, 5 oktyabr 1994-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adı, 24 iyun 2003-cü ildə “Vətən uğrunda” medalı, 25 iyun 2011-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 25 iyun 2018-ci ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
2021-ci il martın 15-də Rövşən Əkbərov həbs edilib.
Baş Prokurorluğun 17 mart məlumatında bildirilib ki, 1971-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci ildə Ukraynanın paytaxtı Kiyevdə soyuq silahla qəsdən öldürülməsi ilə bağlı cinayət işi başlanıb, 2003-cü ildə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə iş Azərbaycana göndərilib.
Rəsmi açıqlamada həmin cinayət işi üzrə bir sıra istintaq hərəkətləri həyata keçirildiyi, lakin iş üzrə təqsirləndirilən şəxs müəyyən edilmədiyindən icraatın dayandırıldığı vurğulanıb: “2020-ci ildə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra icraat təzələnib və Baş Prokurorluğun İstintaq İdarəsində kifayət qədər sübut toplanaraq həmin cinayət əməlini Əkbərov Rövşən Telman oğlunun törətməsinə əsaslı şübhələr müəyyən edilib”.
Məlumata görə, Əkbərov Rövşən Telman oğlu 1 iyun 2001-ci ilə keçən gecə Kiyev şəhərindəki “Sikora” kafesində yeyib-içdikdən sonra kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlunu aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək qəsdən öldürüb.