Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Eyni dövrə aid inflyasiya hesabatına əsasən, istehlak qiymətləri 2020-ci ilin doqquz ayına nisbətən 5,2 faiz artıb.
İqtisadçı, AXCP funksioneri Nemət Əliyev bu hesabatları şərh edərək yazır ki, iqtisadiyyatın tələb-təklif qanununa görə, malların, iş və xidmətlərin təklifi çoxalarsa, bazarda bolluq yaranar, bu da qiymətlərin düşməsi ilə müşayiət olunar: “Bazarda əhəmiyyətli dərəcədə bahalaşma yaşanarsa, bu, istehlakçıların alıcılıq qabiliyyətinin pisləşməsinə səbəb olmaqla tələb göstəricisinin zəifləməsinə, satışın enməsinə və bazara mal təklifinin azalmasına, başqa sözlə desək, istehsalın düşməsinə gətirib çıxarar. Yəni bolluq ucuzlaşmaya, qıtlıq bahalaşmaya səbəb olur.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın bazarlarında böyük bahalaşma yaşanması və həmin prosesin indi də davam etməsi faktdır. Hətta bahalaşma faizi Statistika Komitəsinin elan etdiyi göstəricidən fərqli olaraq ikirəqəmlidir. Bu səviyyədə bahalaşma ölkənin bazarlarında təklif göstəricisinə, malların, iş və xidmətlərin istehsalına mütləq azaldıcı təsir etməli idi. Bu baxımdan yüksək bahalaşma şəraitində ÜDM-in 4,8 faiz artmasına dair açıqlanan məlumat inandırıcı deyil.
İkincisi, doqquz ayda nəqliyyat sektorunda yükdaşımalar azalıb. İqtisadiyyat böyüyübsə, o cümlədən sənaye məhsulu 4,5 faiz, kənd təsərrüfatı məhsulu 5 faiz artıbsa, məhsulun artan hissəsi alqı-satqı mərhələsinə daxil olmalı, bunun üçün də nəqliyyat sektorundan keçməli, bu da nəqliyyatda yükdaşımaların artması şəklində özünü büruzə verməli idi. Lakin nəqliyyat sektorunda yükdaşımalar, Statistika Komitəsinin rəsmi açıqlamasına görə, 0,2 faiz azalıb.
Bəs istehsal olunan əlavə məhsul hanı? Haraya qeyb olub? Sualın cavabı aydındır: o məhsullar sadəcə yoxdur, çünki istehsal olunmayıb. Ölkə üzrə yükdaşımaların düşməsi faktı istehsalın artmasını deyil, azalmasını göstərir.
Üçüncüsü, xarici ölkələrə satılan malların fiziki çəkisi artmayıb. Artsaydı, heç olmasa düşünmək olardı ki, istehsalın artan hissəsi ölkə xaricinə çıxarılıb və bu hesaba daxili bazarlarda tələb-təklif nisbəti tələb göstəricisinin xeyrinə dəyişib.
Dördüncüsü, idxalın real həcmi 10 faizə yaxın azalıb. İstehsalın artdığı şəraitdə bu göstəricinin azalması ilk baxışdan tələb-təklif nisbətini birincinin xeyrinə dəyişə bilərdi. Amma bu halda da kəskin bahalaşma şəraiti ilə ÜDM-in 4,8 faiz artmasını bir araya sığışdırmaq mümkün deyil. Göstəricilərin qarşılaşdırılması ortaya çıxarır ki, istehsaldakı artım göstəricisi idxalın azalan həcmini 2,3 dəfə üstələyib. Statistika Komitəsinə inansaq, yanvar-sentyabr aylarında ÜDM-in real həcmi ötən ilə nəzərən 2,5 milyard manat artıb, idxalın real həcmi isə 1,1 milyard manat azalıb. Bu şəraitdə idxaldakı azalma tələb-təklif nisbətini birincinin xeyrinə dəyişə bilməzdi. Dəyişə bilməyibsə, istehsalın artması şəraitində bu dərəcədə bahalaşma yaşanmazdı. Bahalaşma yaşanıbsa, bu, təklif göstəricisinin azalması – idxalın düşməsi ilə yanaşı istehsalın enməsi şəraitində mümkün ola bilərdi.
Beşincisi, əsas kapitala yatırımlar azalıb. ÜDM-in 4,8 faiz artması böyük bahalaşma ilə müşayiət olunsaydı, o zaman sahibkarlar (müəssisə və təşkilatlar) daha çox qazanmaq naminə iqtisadiyyata investisiyaları dərhal artırardılar. Lakin bu göstərici 8,7 faiz azalıb.
Altıncısı, əməkhaqqı göstəricisi diqqət çəkən dərəcədə artmayıb. Bu göstərici əhəmiyyətli dərəcədə artsaydı, daha çox xərcləmək imkanı yaradardı, bunun da istehsala əlavə stimul verə biləcəyini düşünmək olardı. Lakin 2,2 faizlik əməkhaqqı artımı rəsmi 5,2 faiz bahalaşma ilə müşayiət olunduğuna görə əhalinin alıcılıq qabiliyyəti pisləşib.
Ötən ilin mart ayı ilə müqayisədə orta aylıq əməkhaqqı göstəricisi 2,5 faiz azalıb. Deməli, 2021-ci ilin yanvar-sentyabr aylarında həyat səviyyəsi göstəricisi təsəvvür etdiyimizdən də ağır vəziyyətə düşüb. Belə şəraitdə əhalinin daha çox xərcləyə biləcəyini düşünmək sadəlövhlük olardı.
Yeddincisi, dövlət büdcəsindən xərcləmələrin həcmi ötən ilə nəzərən 5 faiz azalıb. Deməli, bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin iqtisadi fəallığa təşviqedici təsiri zəifləyib.
Beləliklə, səbəb-nəticə əlaqələrinin təhlili göstərir ki, doqquz ayda ÜDM-in 4,8 faiz artması haqqında rəsmi məlumatın reallıqla əlaqəsi yoxdur”.
Azadliq.info