Oktyabrın 20-də prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Zəngilana səfər ediblər. AZƏRTAC xəbər verir ki, onlar rayonun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar, “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməl mərasiminə və “Azərenerji” ASC-nin “Zəngilan” yarımstansiyasının açılışına qatılıblar.
İlham Əliyev və Mehriban Əliyeva həmçinin Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin imzaladığı birgə bəyanatla hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağ bölgəsinə və Ermənistana gedən Laçın yoluna Rusiya Ordusunun sülhməramlı kontingenti yeridilib.
Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi, Laçın şəhəri və rayonun 6 kəndi Azərbaycanın nəzarətində deyil.