Oktyabrın 20-də Gürcüstan Prokurorluğu sabiq prezident Mixail Saakaşviliyə yeni ittiham irəli sürüb. Mixail Saakaşvili dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilinir.
Novator.az bildirir ki, Mixail Saakaşvilinin sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstanın liman şəhəri Potiyə gəmi ilə gəldiyi, həmin gün əvvəl Batumi şəhərinə, ardınca paytaxt Tbilisiyə getdiyi açıqlanıb.
Oktyabrın 1-i səhər Gürcüstana qayıtdığını bəyan edən sabiq prezident həmin gün Tbilisidə tutulub. Rustavi şəhərindəki həbsxanaya yerləşdirilən Mixail Saakaşvili tutulduğu vaxtdan bəri aclıq aksiyası keçirir.
Mixail Saakaşvili 1967-ci il dekabrın 21-i Tbilisidə anadan olub. Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunu bitirib.
1992-ci ildən Gürcüstanda hüquqşünaslığa başlayıb, sonrakı illərdə Fransanın Strasburq şəhərindəki Beynəlxalq İnsan Hüquqları İnstitutunda, ABŞ-ın Kolumbiya və Corc Vaşinqton universitetlərində təhsil alıb. Osloda Norveç İnsan Hüquqları İnstitutunda, Nyu-Yorkda hüquq firmasında çalışıb.
1995-ci ildə Mixail Saakaşvili Gürcüstana qayıdıb, iki dəfə parlamentin deputatı seçilib. 2000-ci ildə ədliyyə naziri təyin olunub.
2001-ci ildə prezident Eduard Şevardnadzeni korrupsiyada günahlandıraraq nazir vəzifəsindən istefa verib. 2002-ci ildən Tbilisi meri postunu tutub.
2003-cü ildə Eduard Şevardnadze hakimiyyətinə qarşı xalq hərəkatına başçılıq edən Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın dövlət başçısı postunu tutub.
Hazırda ana müxalifət sayılan Vahid Milli Hərəkat Partiyasının qurucusu olan Mixail Saakaşvili 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda ona bir neçə cinayət işi qaldırılıb, haqqında iki həbs hökmü var. 2018-ci ildə Tbilisi Şəhər Məhkəməsi onu əvvəl 3 il, sonra 6 il müddətinə azadlıqdan məhrum edib.
Sabiq prezidentin üstündə başqa ittihamlar da var. Həmin işlər Tbilisi Şəhər Məhkəməsinin icraatındadır.
2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il Odessa vilayətinin qubernatoru təyin olunub.
2015-ci il dekabrın 4-də Mixail Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Buna əsas kimi başqa ölkənin vətəndaşlığı göstərilib.
2016-cı ilin noyabrında Mixail Saakaşvili Odessa qubernatoru vəzifəsindən istefa verərək müxalifətə keçib.
2017-ci il iyulun 25-də Ukrayna prezidenti Pyotr Poroşenko onu vətəndaşlıqdan çıxarıb. Buna Mixail Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib.
Həmin il Mixail Saakaşviliyə Ukraynada cinayət işləri qaldırılıb, ancaq onu həbs etmək mümkün olmayıb. 2018-ci il fevralın 12-də Mixail Saakaşvili ölkədən deportasiya edilib.
2019-cu ildə Vladimir Zelenski Ukrayna prezidenti seçiləndən sonra Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığı bərpa olunub.
Mixail Saakaşvili Gürcüstana oktyabrın 2-də keçirilən yerli seçkilər ərəfəsində dönüb və xalqı Vahid Milli Hərəkat Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Oktyabrın 2-də keçirilmiş ilk turda 44 şəhərin mer postu hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının namizədlərinə qismət olub. Yerli məclislərdə də Gürcü Arzusu üstünlük əldə edib, Vahid Milli Hərəkat Partiyası ikinci, keçmiş baş nazir Georgi Qaxariyanın Gürcüstan Uğrunda Partiyası üçüncü yeri tutub.
Oktyabrın 30-na təyin olunan ikinci turda 20 şəhərdə, o cümlədən paytaxt Tbilisidə merlər, 42 dairədə isə yerli məclislərə boş yerlərin sahibləri seçiləcək.
Gürcüstan parlament respublikasıdır. Hökuməti 150 yerlik parlamentə azı 76 mandat əldə edən partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası çoxluq əldə edərək hökumət qurub.