Rusiyanın Cəzaların İcrası üzrə Federal Xidmətinin Moskvadakı 1 saylı istintaq təcridxanasında müxalif lider Aleksey Navalnı barəsində tərtib edilmiş uçot kartoçkası üzə çıxıb.
1 saylı istintaq təcridxanası “Matrosskaya tişina” adıyla da tanınır.
Aleksey Navalnı 2021-ci il yanvarın 17-də Almaniyadan müalicədən qayıdarkən Moskvada tutulub.
Yanvarın 18-də Ximki Şəhər Məhkəməsi sınaq müddəti qaydalarını pozma ittihamı ilə onun barəsində 30 sutka həbs qətimkan tədbiri seçib.
Fevralın 2-də isə Moskvanın Simonov Rayon Məhkəməsi eyni ittihamla Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə hökmü Cəzaların İcrası üzrə Federal Xidmətin iddiası əsasında çıxarılıb.
Fevralın 20-də Moskva Şəhər Məhkəməsi həbs müddətini 2 il 6 ay iki həftəyə endirib.
Moskva Şəhər Məhkəməsinin qərarına qədər Navalnı 1 saylı istintaq təcridxanasında – “Matrosskaya tişina”da saxlanıb.
Moskva Şəhər Məhkəməsinin qərarından bir neçə gün sonra o, Moskva ətrafında yerləşən 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsinə aparılıb. Hazırda Navalnı 2 il 6 ay iki həftəlik azadlıqdan məhrumetmə cəzasını bu müəssisədə çəkir.
Novator.az saytı xəbər verir ki, “Matrosskaya tişina”da Navalnı barəsində tərtib edilmiş uçot kartoçkasını məhbus siyasətçi özü üzə çıxarıb. Oktyabrın 19-da tərəfdarları Navalnının bununla bağlı həbsxanadan yazdığı məktubu onun “İnstagram” səhifəsində yerləşdiriblər.
Məktub “Matrosskaya tişina”da Navalnı haqqında tərtib edilmiş xasiyyətnamənin mətnindən, onun uçot kartoçkasındakı fotosundan və siyasətçinin bu məsələyə verdiyi şərhdən ibarətdir.
Belə məlum olur ki, xasiyyətnamə Navalnı “qaçmağa meylli” şəxs kimi profilaktik uçota alınandan sonra hazırlanıb. Xasiyyətnamədə Navalnının psixoloji portreti təsvir olunub. Təsvir belədir: “Ünsiyyətdə sərbəst, özünü təsdiq etməkdə azaddır, müstəqilliyə can atır, davranışını ətrafındakı dəyişikliyə uyğun tənzimləməyi bacarır, dəstək, himayə və diqqət gözləyir, yardıma ehtiyac duyur, təbiiliyə üstünlük verir. Qlobal planlarını təkbaşına həyata keçirə bilmədiyi üçün ona kütlə lazımdır. İnsanları öz tərəfinə çəkmək, onları müqəddəs məqsədə doğru getməyə inandırmaq üçün isə ona insanlarla danışmaq, ünsiyyət qurmaq, anlaşılan və səmimi olmaq gərəkdir”.
İstintaq təcridxanasında verilən bu xasiyyətnamə 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində də qüvvədə olub. Belə ki, təcridxanada tərtib edilmiş uçot kartoçkası cəzaçəkmə müəssisəsində məhkumun uçot-məlumat kartotekasına yerləşdirilib.
2021-ci ilin iyununda Moskva Şəhər Məhkəməsi Navalnının başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondunun ekstremist təşkilat sayılması və ləğv edilməsi haqda qərar çıxarıb. Avqustda Korrupsiya ilə Mübarizə Fondu ekstremist fəaliyyət və ya terrorla məşğul olan şəxslər və təşkilatlar siyahısına daxil edilib, fondun Rusiyada hüquq şəxs kimi fəaliyyəti rəsmən dayandırılıb.
Sentyabrda Rusiya İstintaq Komitəsi Aleksey Navalnıya Cinayət Məcəlləsinin 282.1-ci (ekstremist icmanın yaradılması və ona rəhbərlik) maddəsi ilə yeni cinayət işi açıb.
Bundan sonra 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsi Navalnını “qaçmağa meylli” uçotundan çıxararaq “terrorizmə və ekstremizmə meylli” kimi uçota alıb.
Mənbə: Instagram.com