İqtisadçı Rövşən Ağayev Azərbaycanın sosial-iqtisadi durumuna dair qısa şərh yayıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsinin 2021-ci ilin yanvar-sentyabr ayları üzrə makroiqtisadi hesabatına nəzər salan ekspert qeyd edir ki, rəsmi çıxışlarda iqtisadi yüksəlişə, xüsusilə qeyri-neft sənayesində böyük artıma vurğu edilir: “Statistika üç rüb ərzində 4,8% iqtisadi artım olduğunu, o cümlədən qeyri-neft sektoru üzrə 6,2%, qeyri-neft sənayesi üzrə 19,6% yüksəlmə qeydə alındığını göstərir. Bu temp ilin sonunadək qalsa, gələn il ümumi daxili məhsul azı 2% artsa, 2022-ci ilin sonunda iqtisadiyyatın miqyası 2019-cu ildəki səviyyəyə çatacaq. Çünki 2020-ci ildə böyük azalma yaşanıb.
Digər tərəfdən hazırkı artım yüksək olsa da, bunun əhalinin rifahına pozitiv təsirləri görünmür. Əhalinin hər nəfəri hesabı ilə nominal gəlirlər cəmi 1,5%, orta aylıq nominal əməkhaqqı 2,2% artdığı halda inflyasiya 5,2%-ə çatıb. Bu o deməkdir ki, əhalinin real gəlirləri 3,5%-ə yaxın azalıb. Sadə desək, orta statistik azərbaycanlının nominal gəlirləri ötən ilə nisbətən 3,5% daha az istehlakı təmin edir.
Yüksək iqtisadi artımlar büdcə gəlirlərində də özünü göstərməyib. Doqquz ayda ötən ilin eyni dövrünə nisbətən büdcə mədaxili 0,5% azalıb. Yəni iqtisadi artım öz-özünə məqsəd deyil – böyümə ilk növbədə cəmiyyətin rifahında özünü göstərməlidir.
Vacib məqamlardan biri də qeyri-neft sənayesində yüksək iqtisadi artımın nə dərəcədə özəl biznesin hesabına baş verməsidir. Artımın iqtisadiyyatın sahə və məşğulluq strukturu baxımından bütün seqmentlərdən qaynaqlanması çox önəmlidir. Təəssüf ki, mövcud statistika özəl sektor və dövlət sektoru, yeni yaranan əlavə emal sənayesinin bölmələri üzrə iqtisadi artım tempini açıqlamır. Lakin bəzi açıq məlumatlar mənzərəni müəyyən qədər görməyə imkan verir. Məsələn, qida sənayesi əsasən özəl sektora aiddir. Bu seqmentdə istər əksər məhsul növləri üzrə natural ifadədə, istərsə də seqment üzrə dəyər ifadəsində artımlar qeyri-neft sənayesində yaranan əlavə dəyərin artım tempindən xeyli geri qalır. Hətta bəzi məhsul növlərinin istehsalında kəskin azalmalar var.
Amma əsasən dövlət sektoruna aid olan kimya sənayesində 88% artım qeydə alınıb. Şübhəsiz ki, qeyri-neft sənayesində yüksəlişə bu seqment üzrə artımın həlledici təsiri olub”.
Sənayedə artım, sərmayədə eniş