Oktyabrın 16-da Tarif (qiymət) Şurası təbii qazın və elektrik enerjisinin tariflərini artırıb.
Novator.az xəbər verir ki, yeni tariflər noyabrın 1-dən qüvvəyə minəcək.
Həmin tarixdən əhalinin il ərzində 1200 kubmetrədək (1200 kubmetr daxil) təbii qaz işlədən hissəsi indiki kimi hər kubmetrə görə 10 qəpik yox, 12 qəpik ödəyəcək. Yəni əhalinin il ərzində 1200 kubmetrədək (1200 kubmetr daxil) təbii qaz işlədən hissəsi üçün tarif hər kubmetrə görə 2 qəpik artırılıb.
İndi əhalinin ayda 300 kilovat-saatadək (300 kilovat-saat daxil) elektrik enerjisi işlədən hissəsi hər kilovat-saata görə 7 qəpik, 300 kilovat-saatdan çox elektrik enerjisi işlədən hissəsi hər kilovat-saata görə 11 qəpik ödəyir.
2021-ci il noyabrın 1-dən əhalinin ayda 200 kilovat-saatadək (200 kilovat-saat daxil) elektrik enerjisi işlədən hissəsi hər kilovat-saata görə 8 qəpik, 200 kilovat-saatdan 300 kilovat-saatadək (300 kilovat-saat daxil) elektrik enerjisi işlədən hissəsi hər kilovat-saata görə 9 qəpik, 300 kilovat-saatdan çox elektrik enerjisi işlədən hissəsi hər kilovat-saata görə 13 qəpik ödəyəcək.
Tarif Şurasının 16 oktyabr qərarı ilə qeyri-əhali qruplarına satılan təbii qaz və elektrik enerjisinin qiymətləri də artırılıb.
Azərbaycanda dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsi kollegial icra hakimiyyəti orqanı olan Tarif (qiymət) Şurasının səlahiyyətindədir. Şuraya iqtisadiyyat naziri sədrlik edir.
Oktyabrın 16-da sərəncam imzalayan prezident İlham Əliyev Nazirlər Kabinetinə 2022-ci ilin dövlət büdcəsi layihəsində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasını əks etdirmək təklifləri hazırlamağı tapşırıb.