Prezident İlham Əliyev oktyabrın 15-i Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının video formatlı iclasında çıxış edib. AZƏRTAC-ın məlumatına görə, bölgədəki vəziyyətə toxunan dövlət başçısı deyib: “Bütövlükdə postmünaqişə dövrü sakit keçir. Ona görə “postmünaqişə dövrü” deyirəm ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib.
2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli bəyanatı imzalandı. Bu bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu. Bəyanata müvafiq olaraq Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etdi. Beləliklə, münaqişə hərbi-siyasi yolla həll edildi.
Həmçinin üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycanın Qarabağ regionuna Rusiya sülhməramlıları yerləşdirildi. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradıldı. Azərbaycan Ağdam rayonunun ərazisində Rusiya-Türkiyə monitorinq mərkəzi yaratdı.
Hazırda Azərbaycanın qarşısında duran əsas problemlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini bizə verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir.
Azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılıb. 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxlayır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər.
Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Xirosiması” adlandırılır. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir.
Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Azərbaycan ərazilərində vandalizmin izləri belədir.
Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb. Qızıl yataqları və digər təbii ehtiyatlar qanunsuz istismar edilib.
Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Mən işğal illərində dəfələrlə bəyan etmişdim ki, işğal olunmuş ərazilərdən narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. İndi bu, sübut edilmiş faktdır.
Azərbaycan müharibə dövründə tutulub saxlanmış bütün hərbi əsirləri Ermənistanın azərbaycanlı hərbi əsirləri bizə verməsindən daha əvvəl verib. Üçtərəfli bəyanat imzalanandan iki həftədən çox sonra, keçən il noyabrın axırlarında 62 nəfərdən ibarət təxribat qrupu Ermənistanın Şirak regionundan Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə, artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərilmişdi. Azərbaycan hərbi qulluqçuları həmin qrupu tutaraq tərksilah etdi. Beynəlxalq konvensiyalara müvafiq olaraq bu təxribatçılar hərbi əsir hesab edilə bilməz.
Müharibə və münaqişə tarixdə qaldı. Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistan ilə sülh sazişinə dair danışıqlara başlamağa hazırıq. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək”.
İclasa Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan prezidentləri, Moldova və Ermənistanın baş nazirləri, MDB İcraiyyə Komitəsinin sədri də qatılıb.
Novator.az bildirir ki, MDB-nin əsasını Rusiya, Belarus və Ukrayna 8 dekabr 1991-ci il sazişi ilə qoyub.
21 dekabr 1991-ci ildə Moldova, Ermənistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan da həmin sazişə qoşulublar.
Azərbaycan parlamenti bu barədə sənədi təsdiqləməyib.
22 yanvar 1993-cü ildə MDB-nin nizamnaməsi qəbul edilib. Sənəd Ukrayna və Türkmənistanda ratifikasiya olunmayıb və onlar assosiativ üzv sayılıblar.
20 sentyabr 1993-cü ildə Azərbaycan Milli Məclisi ölkənin MDB-yə qoşulması barədə qərar çıxarıb. Sentyabrın 24-də məsələ həllini tapıb.
1993-cü il dekabrın 9-da Gürcüstan da MDB-yə qoşulub.
Rusiyanın hərbi-siyasi təcavüzünə məruz qalan Gürcüstan 18 avqust 2008-ci ildə MDB-dən çıxmaq barədə nota verib. Təşkilatın nizamnaməsinə uyğun olaraq bir il sonra – 18 avqust 2009-cu ildə Gürcüstanın MDB-dən ayrılması rəsmiləşib.
Rusiyanın hərbi-siyasi təcavüzü ilə üzləşən Ukrayna 2014-cü ildən başlayaraq MDB-nin tədbirlərini boykot edir və qurumdan ayrılmaq istiqamətində rəsmi qərarlar çıxarır…