Rusiyanın müxalif “Novaya qazeta” qəzetinin baş redaktoru Dmitri Muratovun sülh üzrə Nobel mükafatına layiq görülməsi Rusiyada nəyisə dəyişəcəkmi?
Novator.az-ın məlumatına görə, əslən Rusiyadan olan, hazırda Norveçdə yaşayan, Oslo Sülh Araşdırmaları İnstitutunda çalışan professor Pavel Bayev “Eurasia Daily Monitor” nəşrində dərc etdirdiyi məqaləsində yazır ki, hər halda Rusiyada Vladimir Putinin prezidentliyi dövründə despotizm, KİV-ə təzyiqlər davam edəcək: “Müxalif siyasətçi Aleksey Navalnının da həbsdə saxlanacağını, həyatının təhlükədə qalacağını gözləmək mümkündür. Bununla belə Dmitri Muratovun Nobel sülh mükafatı almasının Rusiyada heç nəyi dəyişə bilməyəcəyini də söyləmək olmaz. Nobel mükafatı istər-istəməz Dmitri Muratovu Rusiyanın siyasi arenasında iri fiqura çevirəcək, onu dünyada daha da məhşurlaşdıracaq. Bu mükafat “Novaya qazeta”ya da yeni güc verə, qəzet yenidən toparlana, mətbuat sıralarında, eyni zamanda daha geniş meydanda, sosial şəbəkələrdə nüfuzunu artıra bilər”.
Professor Bayevin fikrincə, bütün bunlar qəzetdə çap olunan məqalələrin Rusiya müxalifətinin birliyi yolunda əhəmiyyətli amillərdən birinə çevrilməsinə, həmçinin ölkədə dinc dəyişikliklər proqramının formalaşdırılmasına stimul verə bilər: “Qəzetin fəaliyyəti inadkar Putin avtokratiyasına qarşı mübarizəni gücləndirə, yekunda isə onu üstələyə bilər”.
Məqalədə vurğulanır ki, prezident Vladimir Putinin dərin kök salmış, korrupsiyalaşmış rejimi yalnız böyük yalanlara söykənir: “Onun rəsmi təbliğat maşınını dayandırmaq üçün isə həqiqətin səsi daha ucadan eşidilməli, beynəlxalq təzyiqlər güclənməlidir. Bax onda təxribatları boşa çıxan Putin rejimi sarsılıb məğlubiyyətə uğrayacaq”.
2021-ci ilin Nobel sülh mükafatına Dmitri Muratovun və Mariya Ressanın layiq görüldüyünü Norveç Nobel Komitəsi oktyabrın 8-də açıqlayıb.
Komitə qeyd edib ki, bu jurnalistlər demokratiya və davamlı sülhün bünövrəsi olan ifadə azadlığı uğrunda fəaliyyətlərinə görə Nobel mükafatına layiq biliniblər.
1961-ci il təvəllüdlü Dmitri Muratov “Novaya qazeta”nın yaradıcılarından biridir. O, 1995-2017-ci illərdə baş redaktor postunu tutub, 2019-cu ildə yenidən baş redaktor seçilib.
1993-cü ildən çıxan “Novaya qazeta” jurnalist araşdırmaları ilə tanınır, həftənin bir, üç və beşinci günləri işıq üzü görür.
Mariya Ressa Filippin və Amerika jurnalisti kimi tanınır. O, 30 ildən çoxdur jurnalistika sahəsində çalışır, daha çox araşdırıcı jurnalist kimi ad çıxarıb, ABŞ-ın CNN kanalının Asiyada aparıcı reportyoru, informasiya şöbəsinin rəhbəri olub.
“Eurasia Daily Monitor” ABŞ-ın Ceymstaun Fondunun nəşridir.
Mənbə: Jamestown.org