Rusiyada həbsdə olan müxalif lider Aleksey Navalnı Avropa Parlamentinin Andrey Saxarov adına “Azad düşüncə mükafatı”nı almağa bir addım da yaxınlaşıb.
Novator.az saytı ABŞ-ın “Associated Press” agentliyinə istinadla xəbər verir ki, Navalnının adı mükafata namizədlərin qısa siyahısına salınıb.
Qısa siyahıda bir qrup əfqan qadının və 2019-2020-ci illərdə Boliviyada prezident səlahiyyətlərini icra etmiş, 2021-ci ilin martından ölkəsində həbsdə olan siyasətçi Janin Anyesin də adı var.
Əfqan qadınlar qrupu hüquq müdafiəçilərindən, jurnalistlərdən və mədəniyyət xadimlərindən ibarətdir.
Aleksey Navalnı 2021-ci il yanvarın 17-dən həbsdədir. Hazırda o, 2 il 6 ay iki həftəlik azadlıqdan məhrumetmə cəzasını Moskva ətrafında yerləşən 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.
“Azad düşüncə mükafatı”nın builki qalibinin adı oktyabrın 20-də açıqlanacaq.
Təqdimat mərasimi dekabrın 15-i Avropa Parlamentində olacaq.
“Azad düşüncə mükafatı” 1988-ci ildən bəri insan hüquqları və fikir azadlığı uğrunda mübarizəyə görə verilir.
SSRİ dövrünün məşhur dissidenti akademik Andrey Saxarovun adını daşıyan mükafatın fondu 50 min avrodur.
Mənbə: Apnews.com