Oktyabrın 15-də Milli Məclis “Müstəqillik Günü haqqında” qanun layihəsini üçüncü – son oxunuşda qəbul edib. Novator.az bildirir ki, imza üçün prezidentə göndəriləcək layihə dövlət bayramı günləri olan mayın 28-ni Müstəqillik Günü, oktyabrın 18-ni Müstəqilliyin Bərpası Günü kimi rəsmiləşdirir. Hazırda mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günüdür.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulub. 1920-ci ilin aprelində Rusiya Azərbaycanı işğal edərək cümhuriyyəti süquta uğradıb.
1991-ci il avqustun 30-da respublika parlamenti Azərbaycanın dövlət müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da həmin akt ümumxalq səsverməsi ilə təsdiqlənib.
Azərbaycanda qeyri-iş günü olan 12 dövlət bayramı var: Yeni il – 1-2 yanvar; Qadınlar Günü – 8 mart; Novruz bayramı – 20-24 mart; Qələbə Günü – 9 may; Respublika Günü – 28 may; Milli Qurtuluş Günü – 15 iyun; Silahlı Qüvvələr Günü – 26 iyun; Zəfər Günü – 8 noyabr; Dövlət Bayrağı Günü – 9 noyabr; Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – 31 dekabr; Ramazan bayramı – 2 gün; Qurban bayramı – 2 gün.
3 dövlət bayramı iş günüdür: Dövlət Müstəqilliyi Günü – 18 oktyabr; Konstitusiya Günü – 12 noyabr; Milli Dirçəliş Günü – 17 noyabr.