Oktyabrın 15-i Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınıb məhkum olunan bir qrup şəxsin işi üzrə hazırlıq iclası keçirilib. Novator.az-ın məlumatına görə, iclasda AXCP üzvləri Telman Seyfullayev, İsmayıl Həsənov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Ramid Nağıyev, Gündüz Mirzəyev və daha 1 nəfərin (Ceyhun Məmmədov) şikayətlərinə baxışın oktyabrın 20-nə təyin olunması qərarı çıxarılıb. Səbail Rayon Məhkəməsinin 22 iyun 2021-ci il hökmü ilə 2 il 9 ay müddətinə azadlıqdan şərti məhrum edilən bu şəxslər bəraət istəyirlər.
2020-ci il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu (o cümlədən general-mayor Polad Həşimov) və 1 mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı xəsarət alıb, xidməti avtomobillərə, ərazinin yol infrastrukturuna, Milli Məclisin birinci mərtəbəsində mülkiyyətə və inventara ziyan dəyib.
Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb, işlərə 2021-ci ilin fevral ayından Səbail Rayon Məhkəməsində baxılıb.
Təqsirləndirilən şəxslərin 36-sı bir müddət həbsdə saxlanıb. 2020-ci il noyabrın 16-da Səbail Rayon Məhkəməsi 21 nəfəri, dekabrın 7-də 15 nəfəri ev dustaqlığına buraxıb.
Cəbhəçi Elvin Məmmədov polisin nəzarətində olub.
Təqsirləndirilən Müşviq Vahabov ev dustaqlığına buraxılandan sonra hüquq mühafizə orqanlarından yayınıb, axtarışa verilib.
AXCP üzvü Ruslan Əmirov sonradan cinayət məsuliyyətinə alınıb, 2020-ci il oktyabrın 10-da polis nəzarətinə verilib. Onun istintaqı və mühakiməsi ayrıca aparılıb.
Səbail Rayon Məhkəməsi iyunun 14-də AXCP üzvləri Fuad Qəhrəmanlıya və Məmməd İbrahimə 4 il 1 ay, Bəxtiyar İmanov və Ayaz Məhərrəmova 3 il 7 ay, qalan 8 nəfərə (Tural Vəliyev, Azər Məmmədov, Ariz Səfərov, Elçin Məmmədov, Fərid Abadov, Səbuhi Mustafayev, Ramiz Babayev, İlkin Əliyev) 2 il 7 ay azadlıqdan şərti məhrumetmə cəzaları kəsib. Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
İyunun 17-də AXCP fəalı Ruslan Əmirov 4 il müddətinə azadlıqdan şərti məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi həmin cəzanı dəyişməyib.
İyunun 21-də AXCP-dən Asif Yusifli 3 il 6 ay, Müşviq Quliyev, Elnur Cabbarov, Elvin Məmmədov 3 il, Seymur Əhmədov 2 il 6 ay şərti iş alıb.
Digər şəxslərdən Taleh Məmişova 3 il 6 ay, Dəyanət Mövlayev, Kamil Mahmudov, Siyavuş Mustafayev, Elçin Mehdiyev, Şəmsi Rəhimli, Pərvin Çobanova 3 il şərti iş verilib. Apellyasiya instansiyası bu qrupun işi üzrə şikayətləri də təmin etməyib.