Böyük Britaniyanın “The Telegraph” qəzetində “Avropanın yaxası Putinin əlinə keçib” başlıqlı redaksiya məqaləsi dərc olunub. Novator.az saytı məqaləni ingilscədən çevirərək təqdim edir.
Almaniya və Fransa əl-ayağa düşüb. Rusiyadan təcili təbii qaz nəql olunmasına çalışırlar. Onların bütün bu səyləri enerji ehtiyaclarının Avropanı Kremldən nə qədər asılı vəziyyətə saldığını göstərir.
Dünyada enerji daşıyıcılarının qiymətləri rekord vurur. Belə bir şəraitdə Rusiya prezidenti Vladimir Putinin Avropadan tikintisi ötən ay başa çatmış “Şimal axını – 2” qaz kəmərinə razılıq almaq üçün qiymət artımına altdan-altdan təkan verdiyini başa düşmək çətin deyil.
Bugünlərdə Britaniyanın maliyyə nazirinin parlamentdə bəyan etdiyi kimi dünya enerji bazarındakı bahalaşmanı qıtlıqdan çox Rusiyanın geosiyasi addımları doğurub.
Mövcud böhran ABŞ administrasiyasının “Şimal axını – 2” layihəsi ilə bağlı xəbərdarlığını daima qulaqardına vuran avropalı liderləri yuxudan ayılda biləcək bir siqnaldır. ABŞ administrasiyası dəfələrlə xəbərdarlıq edib ki, “Şimal axını – 2” Putinin gələcəkdə Avropanın enerji ehtiyaclarına nəzarət edə bilmək üçün qurduğu tordur.
“Şimal axını – 2”nin tənqidçiləri hesab edirlər ki, bu layihə Avropanın Rusiya qazından asılılığını artıracaq. Məlum olduğu kimi Rusiyanın Ukrayna ərazisindən keçən qaz kəməri var və həmin xətlə ötürülən qaza görə Ukrayna Rusiyadan tranzit haqqı alır. Ona görə “Şimal axını – 2”nin tənqidçiləri yeni layihənin Ukrayna iqtisadiyyatına ziyan vuracağı barədə də xəbərdarlıq ediblər. Belə ki, “Şimal axını – 2” işə düşəndən sonra Rusiya Ukrayna vasitəsilə qaz nəqlini azaldacaq. Rusiya artıq bir neçə dəfə Ukraynaya qaz nəqlini dayandırıb.
İndi Avropanın qalan ölkələrinin də yaxası Putinin əlinə keçib. Moskva niyə birbaşa Rusiyadan Almaniyaya qaz nəql etmək fikrinə düşüb “Şimal axını – 2” layihəsini irəli sürmüşdü? Avropalı liderlər vaxtında bu layihənin motivinə diqqət yetirsəydilər, indi yaxaları Putinin əlində qalmazdı.
Çox keçməz, böhranı Rusiya ilə danışıqlar aparmaqla yoluna qoymağa çalışan Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron başa düşərlər ki, indən belə Kremllə istənilən sövdələşmə onların yox, Putinin şərtləri altında gerçəkləşəcək.
Mənbə: Telegraph.co.uk