Böyük Britaniyada müxtəlif qurumlara qarşı həyata keçirilən, məqsədi pul qoparmaq olan dələduz xarakterli onlayn hücumların arxasında Rusiyadan və Rusiyaya qonşu ölkələrdən olan kiber cinayətkarlar dayanır.
Novator.az saytı “The Guardian” qəzetinə istinadla bildirir ki, bu fikirləri Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzinin icraçı direktoru Lindi Kemeron söyləyib.
Qəzetin məlumatına görə, Lindi Kemeron “Chatham House” analitik mərkəzində çıxış edərkən deyib ki, dələduzluq məqsədilə həyata keçirilən onlayn hücumlar Böyük Britaniyanın üzləşdiyi kiber təhdidlər arasında ən təhlükəlisi hesab olunur: “Biz ölkəmizin Cinayətkarlıqla Mübarizə Agentliyi ilə birgə belə qənaətə gəlmişik ki, Britaniyadakı hədəflərə qarşı həyata keçirilən dələduz xarakterli dağıdıcı hücumların əksəriyyətinə görə məsuliyyət Rusiyada və Rusiyaya qonşu ölkələrdə formalaşmış kiber cinayətkarların üzərinə düşür”.
“The Guardian” yazır ki, Kemeronun bu sözləri internet dələduzluğu epidemiyasının Rusiya ilə əlaqələndirilməsi istiqamətində rəsmi səviyyədə ortaya qoyulan ən açıq mövqedir. Belə ki, Rusiya korporativ məlumatları ələ keçirməklə külli miqdarda pul qoparmağa çalışan cinayətkarlara – hakerlərə sığınacaq verməkdə ittiham olunur.
Qəzet xatırladır ki, may ayında Britaniyanın xarci işlər naziri Dominik Raab bu məsələyə daha incə ifadələr işlədərək toxunmuşdu. O bildirmişdi ki, Rusiya kimi dövlətlər öz ərazilərində fəaliyyət göstərən kiber cinayətkarlarla əlaqəsinin olmadığını iddia edə bilməz.
Bundan başqa, ABŞ prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinin qarşısında bu məsələni yay aylarında iki dəfə qaldırıb və bildirib ki, Moskva ölçü götürməsə, Vaşinqton cinayətkar qrupların kompüter sistemlərinə hücuma hazırlıq vəziyyətinə gətiriləcək.
“The Guardian”ın materialında qeyd olunur ki, 2020-ci ilin oktyabrında Londonun Hakni rayonunun bələdiyyə şurası möhtəkirlik məqsədilə düzəldilmiş proqramlardan istifadə olunmaqla ciddi hücuma məruz qalıb, nəticədə mənzil haqları ilə bağlı sistem, o cümlədən digər bələdiyyə sistemləri bir müddətə sıradan çıxıb. Şuranın hakerin tələb etdiyi pulu ödəmədiyi ehtimal olunur, ancaq hücum dayanmasaydı sistemin bərpası 10 milyon funt sterlinqə başa gələ bilərdi.
Lindi Kemeron vurğulayıb ki, hakerlərə tələb etdikləri pulu ödəyəndə onlar daha da cəsarətlənirlər. Kemeron xatırladıb ki, əslində pul ödəyib hücumdan can qurtarmaq Britaniyada qanunsuzluq da hesab olunmur. Çünki cinayətkar dəstələrin çoxu qanunvericilikdə kriminal kateqoriyaya daxil edilməyib. Britaniya qanunları yalnız terrorçuların tələb etdiyi haqqı ödəməyi yasaqlayır.
“The Guardian” yazır: “Ekspertlər deyirlər ki, Baltikyanı dövlətləri çıxmaqla Rusiya və başqa keçmiş sovet respublikaları daxildə problem yaratmayan, xarici ölkələri hədəf götürən dələduz haker qruplarının fəaliyyətinə göz yummağa üstünlük verir. Yalnız Rusiya ilə bağlı olduğu bildirilən “REvil” adlı məşhur cinayətkar dəstə ABŞ prezidenti Cozef Baydenin şikayətindən sonra qapadılıb.
Digər qrupların isə böyük pullar qazandığı ehtimal olunur: tədqiqatlardan biri göstərib ki, “Wizard Spider” və ya “RYUK” adlı cinayətkar dəstələr 150 milyon dollar əldə edib”.
Mənbə: Theguardian.com