Müxalif liderlər İran-Azərbaycan münasibətlərinin durumu ilə bağlı açıqlamalar yayıb. Novator.az-ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı yazır ki, Azərbaycanda, həmçinin İranla sərhəd bölgələrdə İsrailə aid hər hansı silahlı və ya digər qüvvənin olmadığı İran hakimiyyətinə yaxşı bəllidir: “Ərazimizdə, onların təbirincə desək, hansısa “sionist qüvvələrin”, mifik terrorçu dəstələrin mövcudluğu barədə əfsanələr dövlətimizə və xalqımıza qarşı düşmənçilik siyasətini pərdələmək məqsədi ilə uydurulur. İran dövləti türkü türkə, müsəlmanı müsəlmana qarşı qoymaq üçün belə metodlardan dəfələrlə istifadə edib, bu da növbəti cəhddir.
O taylı-bu taylı hər bir soydaşımız, müsəlman qardaş və bacılarımız bilməlidir ki, İran rejiminin Azərbaycana bağlı son siyasəti İsrailə və ya hər hansı üçüncü dövlətə qarşı deyil, dövlətimizə və xalqımıza qarşı yönəlib. Bu fitnəkar siyasətin iflası, bu böhrandan qələbə ilə çıxmağımız ayıq-sayıqlığımızdan, Azərbaycana qarşı düşmən siyasəti yürüdənlərə qarşı dirənişimizdən asılı olacaq”.
AXCP sədri Əli Kərimli açıqlamasında bir müddət əvvəlki şərhindən sitat gətirir: “Azərbaycanla yaxın olmaq, xalqımızın rəğbətini qazanmaq istəyirsə, İran da Azərbaycanı, ərazi bütövlüyümüzü qeyd-şərtsiz dəstəkləsin. Hədə ilə, silah nümayişi ilə yaxın, dost olmaq mümkün deyil”. Azərbaycanla İran arasında yaşanan gərginlik haqda danışanda belə demişdim. Təəssüf ki, İran rəhbərliyi əksini etməkdədir.
Ötən ilin Qarabağ savaşı günlərində Ərdəbildə Qarabağa dəstək aksiyası təşkil etmiş 12 azərbaycanlı fəal məhkəmədə çox sərt cəzalandırılıb. Onlara ümumilikdə 15 il həbs və 888 şallaq cəzası kəsilib. Qonşu ölkədə Qarabağa bağlı soydaşlarımızın cəzalandırılması təəssüf doğurur. Belə repressiyalar həm insan hüquqlarının kobud pozuntusudur, həm də Azərbaycanla normal qonşuluq münasibətlərinə xələl gətirən hərəkətlərdir. İran rəhbərliyi nəzərə almalıdır ki, Azərbaycanın Ermənistanla savaşdakı haqlı mövqeyini dəstəkləyənlərin cəzalandırılmasını xalqımızın bütün təbəqələri pisləyir. Azadlıq Qarabağa azadlıq tələb edərkən özü məhkum olunmuş ərdəbilli milli fəalların da tam haqqıdır”.